
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu qəzəlxan şair, tərcüməçi Azər Buzovnalının əsərlərinin növbəti, 4-cü cildini nəşr edib.
“Azər Buzovnalı. Əsərləri. IV kitab (Şeirlər və mənzum hekayələr)” Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunub.
İnstitutdan bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, qəzəlxan şair, tərcüməçi, pedaqoq Azər Buzovnalının (1870-1951) 155 illik yubileyinə həsr olunmuş kitabın tərtibçisi, ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan, müqəddimə və lüğətin müəllifi Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Könül Bağırovadır.
Kitabda Əlyazmalar İnstitutunun xəzinəsində və Azər Buzovnalının şəxsi arxivində saxlanılan əlyazmaları - şeirləri (qəzəllər, qəsidələr, qitələr, müstəzad, rübailər), mənzum hekayələri ilk dəfə transfoneliterasiya olunaraq nəşrə təqdim edilib. Azər Buzovnalının milli-mənəvi dəyərləri təbliğ edən yaradıcılıq nümunələri bu gün də aktualdır. Şairin klassik üslubda yazdığı əsərlərinin dil-üslub xüsusiyyətləri dəyişdirilmədən tam orijinala uyğun çapa hazırlanıb. Kitab tədqiqatçılar, alimlər və tələbələr üçün dəyərli mənbə hesab oluna bilər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru və “Könülün könül verdiyi yadigarlar” başlıqlı ön sözün müəllifi akademik Rafael Hüseynov, rəyçiləri dosentlər Nailə Səmədova və Qətibə Quliyevadır.