Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə qastrol proqramı başlanıb. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən sistemli qastrol təşəbbüsü kimi reallaşdırılır.

Qastrol proqramı çərçivəsində ilk konsert martın 16-da Ağdam şəhərindəki Muğam Mərkəzində keçirilib. Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri ağdamlı sənətsevərlər üçün maraqlı proqram təqdim edib.

Dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsertdə okrestr və solistlərin ifaşında bəstəkar və xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, mart ayında qastrol proqramına Ağdamdan sonra Laçın, Gəncə və Mingəçevir şəhərləri də daxildir.

Səid Rüstəmov adına Xalq çalğı alətləri arkestri martın 17-də Laçında “LaCinema” kinoteatrında konsert proqramı ilə çıxış edəcək.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası martın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qonağı olacaq.

Martın 28–29-da isə Mingəçevirdə – Heydər Əliyev Mərkəzində və Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, solistləri və xor kollektivi proqram təqdim edəcək.