Cənubi Koreyanın (Koreya Respublikası) paytaxtı Seulda yerləşən Dongduk Qadınlar Universiteti ilk dəfə “Türkologiya üzrə regional araşdırmalar” magistr proqramı – K-Silkroad Türkologiya şöbəsi, həmçinin yeni bakalavr proqramı – “İpək Yolu Koreyaşünaslıq treki” açır.

Bu barədə Dongduk Qadınlar Universiteti Avrasiya-Türk Araşdırmaları İnstitutunun direktoru professor Eunkyung Oh saytımıza məlumat verib.

Məlumatda bildirilir ki, hər iki proqram 1 mart 2026-cı ildən fəaliyyətə başlayacaq və Koreya Respublikası ilə Türk dünyasını birləşdirən qabaqcıl təşəbbüslər kimi elmi ictimaiyyətin diqqətini cəlb edəcək.

“İpək Yolu Koreyaşünaslıq treki” Türk dünyasının universitetlərində humanitar ixtisaslar – dil, ədəbiyyat, tarix, folklor və antropologiya üzrə təhsil alan tələbələr üçün xüsusi olaraq hazırlanmış bakalavr proqramıdır.

Bu proqram vasitəsilə tələbələr 2+2 qoşma diplom və ya dördüncü kursa köçürülmə imkanı ilə Koreya dili-ədəbiyyatı və ya mədəniyyəti üzrə bakalavr dərəcəsi ala biləcəklər.

Bu trek adi bir bakalavr–magistr keçidi deyil, Türk dünyasının humanitar sahələrini koreyaşünaslıqla birləşdirmək üçün nəzərdə tutulmuş xüsusi sistemdir. Tələbələr öz milli-mədəni irslərinə əsaslanaraq koreyaşünaslıq sahəsində müqayisəli ədəbiyyat və müqayisəli mədəniyyət perspektivlərindən yaradıcı tədqiqatlar apara biləcəklər. Bununla da koreyaşünaslığın elmi bazası genişlənəcək və beynəlxalq miqyasda yeni səviyyəyə yüksələcək.

Proqrama koreyalılar və əcnəbilər bərabər şəkildə müraciət edə bilərlər.

Proqramda xüsusi olaraq işləyən şəxslər üçün də imkanlar yaradılıb. Dərslər axşam və həftəsonları təşkil olunacaq ki, tələbələr həm iş fəaliyyətlərini, həm də akademik inkişaflarını davam etdirə bilsinlər.

Qeyd edək ki, proqrama təxminən 20 azərbaycanlı tələbə müraciət edərsə, koreyaşünaslıq kursu Azərbaycan dilində təklif olunacaq və müraciətlər noyabrda başlayacaq. Koreya dilini bilməyənlər həm bakalavr, həm də magistr proqramlarına müraciət edə bilərlər.

Nurəddin