Göygöl şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında “Brendi-Konyak günü” adlı tədbir keçirilib.
Bu vaxtilə indiki Göygöl şəhərində (keçmiş Helenendorf) yaşamış almanlar tərəfindən əsası qoyulmuş şərabçılıq sənayesinin tarixini diqqətə çatdıran və həmin istehsal ənənələrinin necə davam etdirildiyini göstərən ilk belə festivaldır.
Oktyabrın 4-də Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və qurumların tərəfdaşlığı ilə gerçəkləşən tədbirə fəxri qonaq qismində Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, səfirliyin əməkdaşları, eləcə də İsveç, Latviya, Avstriya və İsveçrənin ölkəmizdəki diplomatları da qatılıblar.
Proqram çərçivəsində konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkaları, musiqi axşamı təşkil olunub, milli mətbəx guşələri, əl işləri sərgiləri zonaları fəaliyyət göstərib.
Bu il “Müstəqil Dövlətlər Birliyinin İdman paytaxtı” elan edilən Gəncə şəhərində keçirilən III MDB Oyunlarının iki idman növü üzrə yarışlar Göygöl şəhərində təşkil olunub. Həmin yarışların tarixi ilə Göygöl şəhərində “Brendi-Konyak günü”nün üst-üstə düşməsi şəhərə gələn yerli və xarici qonaqlara yerli məhsulların tanıdılması, bölgənin turizm və istehsal potensialının nümayişi üçün əlavə zəmin yaradıb.
Qeyd edək ki, Azərbaycanda konyak istehsalının təməli XIX əsrin 90-cı illərində Helenendorfda (indiki Göygöl şəhəri) alman sənayeçiləri – “Forer qardaşları” və "Hummel qardaşları" tərəfindən qoyulub. Bu gün bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak növlərini yerli və xarici bazarlarda tanınırlar.
Almaniyanın Azərbaycandakı Səfirliyi tədbirlə bağlı sosial mediada yaydığı paylaşımda da həmin tarixi yada salıb, dəvətə və qonaqpərvərliyə görə Göygöl rayonunun rəhbərliyinə təşəkkür edib.
“Bu, Göygöldə keçirilən ilk festival idi və 19-cu əsrdə alman köçkünləri tərəfindən əsası qoyulmuş Azərbaycan brendi istehsalının tam çeşidini və çoxillik ənənəsini nümayiş etdirdi. Bu, Göygöl və Almaniya arasında sıx əlaqələri və isti dostluğu qeyd etmək üçün növbəti fürsət idi. Göygöl rayonu Almaniya səfirliyi üçün demək olar ki, ikinci vətən kimidir və özümüzü orada dostlar arasında hiss edirik”, – deyə səfirliyin paylaşımında vurğulanır.