Almanlar birləşməyə gedən yolda bizi dəstəkləyən qonşularına, müttəfiqlərinə və dostlarına həmişə minnətdar olacaqlar. Biz isə Almaniya və Avropanın birləşməsinin mərkəzində olan prinsipləri və dəyərləri müdafiə etməyi özümüzə yeganə vəzifə və məsuliyyət kimi qəbul edirik: azadlıq, sülh, ədalət və demokratiya.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bu sözləri oktyabrın 3-də ölkəsinin milli bayramı – Alman Birliyi Günü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Mərasim Azərbaycan və Almaniyanın dövlət himnlərinin səslənməsi ilə başlanıb.
Səfir Ralf Horlemann iştirakçıları salamlayaraq 35 il əvvəl Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsinin alman xalqı üçün tarixi əhəmiyyətindən bəhs edib, bu hadisənin ümumilikdə Avropa üçün önəmini diqqətə çatdırıb.
Diplomat çıxışında Azərbaycan-Almaniya əməkdaşlığına da toxunaraq bu əlaqələrin dinamik inkişafını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov nazirliyin rəhbərliyi adından əlamətdar gün münasibətilə alman xalqına təbrik sözlərini çatdırıb. O, iqtisadi, enerji, humanitar və digər sahələrdə Azərbaycan-Almaniya tərəfdaşlığı çərçivəsində görülən işlərdən danışıb və ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib.
Mərasim ziyafət və bədii proqramla davam edib.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Almaniya ərazisi SSRİ-nin və ABŞ, Britaniya və Fransanın nəzarət etdiyi iki sektora bölünmüşdü. 1949-cu ildə Sovet sektorunda Almaniya Demokratik Respublikası, Qərb sektorunda Almaniya Federativ Respublikası olmaqla iki alman dövləti yaranmışdı. 1990-cı il oktyabrın 3-də Qərbi və Şərqi Almaniya birləşərək yenidən vahid dövlət olub.
Vüqar Orxan























