Türkiyənin İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralıq rayonlarında aparılan beynəlxalq arxeoloji ekspedisiya uğurla yekunlaşıb. Beşillik layihə çərçivəsində həyata keçirilən tədqiqatların ikinci ili məhsuldar nəticələrlə yadda qalıb. Araşdırmalar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyə və Almaniyanın müxtəlif universitetlərindən olan mütəxəssislərin birgə əməkdaşlığı çərçivəsində aparılıb.

Bu barədə nstitutdan məlumat verilib. Qeyd olunub ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi, AMEA prezidenti akademik İsa Həbibbəylinin, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin dəstəyi ilə həyata keçirilir.

Ekspedisiyaya Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov rəhbərlik edib. Tədqiqatlar Türkiyənin Mədəni İrs və Muzeylər Baş İdarəsinin 2025-ci il 19 iyun tarixli icazəsi əsasında həyata keçirilib. Bu, Azərbaycan arxeoloqlarının ölkədən xaricdə təşkil etdiyi ilk beynəlxalq arxeoloji ekspedisiya olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında yeni bir ortaq elmi istiqamətin əsasını qoyur.

Layihənin əsas məqsədi bölgənin arxeoloji irsini sistemli şəkildə öyrənmək və İğdır ilə Azərbaycan əraziləri arasındakı ortaq mədəni prosesləri sənədləşdirməkdir. Araz çayının hər iki sahilini əhatə edən Azərbaycan-Naxçıvan Arazboyu düzənliyi ilə İğdır ovalarının arxeoloji baxımdan vahid mədəniyyət bölgəsi təşkil etməsi ekspedisiyanın elmi istiqamətini müəyyənləşdirib.

Qazıntıların nəticələri hər iki bölgədə mədəni davamlılığın mövcudluğunu təsdiqləyib. Araşdırmalar zamanı Son Xalkolit dövründən başlayaraq Erkən Tunc (Kür-Araz mədəniyyəti), Orta Tunc, Son Tunc-Erkən Dəmir və Orta Dəmir (Urartu) dövrlərinə aid yaşayış yerləri öyrənilib. Əldə edilən materiallar ərazidə uzunmüddətli məskunlaşmanın mövcud olduğunu göstərir.

İğdır ərazisində aşkar edilən tapıntılar Azərbaycanın eyni dövrlərə aid abidələrindən əldə olunan materiallarla oxşarlıq təşkil edir ki, bu da bölgənin qədim dövrlərdən ortaq mədəniyyət məkanı kimi formalaşdığını sübut edir. İğdır düzənliyi Yaxın Şərqin strateji qovşağında - Azərbaycan (Naxçıvan), Ermənistan və İran sərhədlərinin kəsişməsində yerləşərək zəngin arxeoloji irsə malikdir. Ağrı dağının şimal ətəklərində və Orta Araz vadisinin cənub hissəsində aparılan araşdırmalar bölgənin minilliklərə uzanan mədəni inkişaf prosesini əks etdirir.

Sahə tədqiqatları zamanı arxeoloqlar yaşayış yerlərinin topoqrafiyasını və memarlıq qalıqlarını sənədləşdirib, keramika məmulatı, obsidian və daş alətlər kimi tapıntıların foto və çertyojlarını hazırlayaraq yerində qeydiyyata alıblar. Tapıntıların rəqəmsallaşdırılması, xəritələşdirilməsi, kataloqların və gündəlik hesabatların hazırlanması isə laborator şəraitdə davam etdirilib. Bundan əlavə, tədqiqat ərazilərinin dron vasitəsilə foto və video çəkilişləri aparılaraq arxivləşdirilib. 

Tədqiqatların növbəti ildə də davam etdirilməsi planlaşdırılır.