XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanası maarfləndirici, interaktiv tədbirlər, yazarlarla görüşlər keçirib.
Oktyabrın 4-də sərgi çərçivəsində uşaqlar üçün yaradıcı məşğələlər təşkil olunub. Onlar plastilindən müxtəlif fiqurlar düzəldərək öz bacarıqlarını nümayiş etdiriblər və gildən hazırlanmış fiqurları rəngləyiblər. Bu prosesdə kitabxana əməkdaşları uşaqlara tövsiyələr veriblər.
Sərgi çərçivəsində ingilis yazıçısı və illüstrator Corciya Binq ilə oxucular arasında görüş keçirilib. Yazıçı beynəlxalq bestseller olan “Molli Mun” seriyasından “Molli Munun ağlagəlməz hipnotizmi”, “Molli Mun dünyanı dondurur”, “Molli Mun, Mikki Minus və bilik maşını” və s. kitabları barədə məlumat verib. C.Binq bu əsərlərin uşaqların təxəyyülünü zənginləşdirəcəyini və onların maraq dairəsini genişləndirəcəyini vurğulayıb.
Kitabxananın stendini ziyarət edən Corciya Binq öz kitablarının nümayişindən məmnun qalıb və uşaqlara imzalı kitablar hədiyyə edib.
***
Respublika Uşaq Kitabxanası sərgi proqramı üzrə milli uşaq ədəbiyyatının tanınmış nümayəndələri Mehriban Nağıyeva, Gülzar İbrahimova və Zahirə Cabir ilə oxu saatları da təşkil edib.
Mehriban Nağıyeva 143 nömrəli tam orta məktəbin şagirdləri ilə bir araya gələrək vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, əsərlərindən parçalar oxuyub. Sual-cavabda fəallıq göstərən uşaqlara müəllif tərəfindən imzalı kitablar hədiyyə olunub.
Gülzar İbrahimova ilə keçirilən görüşdə uşaqlarla nağıllar əsasında müzakirələr aparılıb, maarifləndirici mövzularda söhbətlər edilib və məntiq oyunu təşkil olunub.
Sonra Zahirə Cabirin “Səndəli, Fəli və Şəli” qaravəlli kitabının təqdimatı olub. Kitabın rəssamı Ayişə İlqar qızıdır. Müəllif təqdimatda kitabın əsas qəhrəmanları və ideyası haqqında ətraflı məlumat verib.
Bununla yanaşı, kiçik yaşlı oxucuların təqdimatında Sevinc Nuruqızının “Melissa” kitabından kompozisiya təqdim olunub. Təqdimatda Melissa personajı uşaqlara əsərin məzmununu təqdim edib, kitabxana əməkdaşı tərəfindən hazırlanan kukla isə aktiv iştirak edən uşaqlardan birinə hədiyyə olunub.
Sərginin növbəti hissəsində türkiyəli uşaq yazarı və rəssam Məryəm Kurt tərəfindən ustad dərsi keçirilib. Rəssam uşaqlara boyama texnikası və rəsm sənətinin əsas prinsipləri barədə məlumat verib, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olub.
Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 7-də işini başa vurur.