Azərbaycan Turizm Bürosu yerli turizm sənayesindən beş tərəfdaş və Azərbaycan Hava Yolları (AZAL) ilə birgə İtaliyanın Roma və Milan şəhərlərində ölkəmizin turizm imkanlarının tanıdılması ilə bağlı tədbirlərdə iştirak edib.
Bürodan bildirilib ki, Romada başlayan tədbirə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmid, ölkəmizin İtaliyadakı səfirliyinin birinci katibi Xaqani Hacıyev, Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov qatılıblar.
Silsilə tədbirlərdə İtaliyadan olan media nümayəndələrin iştirakı ilə 80 turizm şirkəti və Azərbaycanın yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər və şəbəkələşmə tədbirləri təşkil edilib. Həmçinin Azərbaycanın qonaqpərvərlik sahəsi, sağlamlıq turizmi layihələri, mədəni turizm imkanları ilə bağlı təqdimat nümayiş olunub.
Azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski musiqi nömrələri ilə tədbirə rəng qatıb.
İtaliyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 28-30-da Romada keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edib. Sammitin açılışına İtaliyanın Baş naziri Giorgia Meloni də qatılıb.
Qeyd edək ki, AZAL tərəfindən Milandan Bakıya hər gün, “WizzAir” hava yolları şirkəti tərəfindən isə Romadan Bakıya həftədə dörd dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.