2025-ci ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olan Qazaxıstanın Aktau şəhəri “Korkıt Ata” Türk Dünyası Beynəlxalq Film Festivalına ev sahibliyi edib.

Sayca beşinci “Korkıt Ata” festivalı 1-4 oktyabr tarixlərində Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılğı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə gerçəkləşib.

Festivalın proqramına 47 film daxil edilib. Beynəlxalq münsiflər heyəti müxtəlif janrlarda layihələri qiymətləndirib.

"Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor” nominasiyaları üzrə qalibləri müəyyən edilib. Bundan əlavə, TÜRKSOY-un “Türk mədəniyyətinə töhfəyə görə” xüsusi mükafatı təqdim olunub.

Azərbaycandan Taleh Yüzbəyov “May be” filminə yazdığı ssenariyə görə “Ən yaxşı ssenari” mükafatını qazanıb.

Xalq artisti Pərviz Məmmədrzayev “Oil” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub.

Qeyd edək ki, TÜRKSOY-un təşəbbüsü olan “Korkıt Ata” kinofestivalı bundan öncə İstanbul (2021), Bursa (2022), Şuşa (2023) və Anau (Türkmənistan, 2024) şəhərlərində keçirilib.

***

Aktauda “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Qazaxıstan Respublikasının Milli Kinematoqrafa Dövlət Dəstəyi Mərkəzi Azərbaycan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın kino sənəti sahəsində dövlət təşkilatları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin yaydığı məlumata görə, sazişlər qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üzrə daha miqyaslı işin bir hissəsi olub, ortaq dəyərləri və tarixi irsi əks etdirən kino sənəti vasitəsilə türk ölkələrinin mədəni birliyinin gücləndirilməsinə yönəldilib.

Azərbaycan Respublikası Kino Agentliyi ilə memorandum bədii, sənədli və animasiya filmlərinin birgə istehsalı, ustad dərsləri və seminarların keçirilməsi, tərcümə və dublyaj sahəsində əməkdaşlıq kimi geniş spektri əhatə edir.