XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yüksək səviyyədə təmsil olunur.

Akademiyadan bildirilib ki, sərgi çərçivəsində AMEA-nın keçirdiyi növbəti tədbir “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusuna həsr olunub.

Akademik İsa Həbibbəyli İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasının regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib. Alim vurğulayıb ki, dövlətimizin başçısının uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində reallaşan Zəngəzur dəhlizi layihəsi ölkəmizin Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri qurmasına imkan yaradacaq: “Zəngəzur dəhlizinin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməsi strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük siyasi və iqtisadi önəm kəsb edir”. 

AMEA rəhbəri uzun illər ərzində Zəngəzurun əsasən tarixi mənbələr əsasında öyrənildiyini, bu gün isə Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tədqiqat işlərinin həyata keçirildiyini söyləyib, AMEA-nın müvafiq qurumlarının bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb. O, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həmin ərazilərdə geniş tədqiqatlar aparıldığını, Folklor İnstitutunda 2 cildlik folklor toplamasının hazırlanaraq nəşr edildiyini bildirib.

Zəngəzur mövzusuna həsr olunmuş nəşrlər haqqında məlumat verən akademik İsa Həbibbəyli təqdim edilən hər bir kitabın elmi baxımdan dəyərli, məzmun baxımından zəngin mənbə olduğunu vurğulayıb.

AMEA-nın prezidenti “Qarabağnamə” layihəsindən sonra, “Zəngəzurnamə” layihəsinin də Azərbaycan elminin və mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, bu gün təqdim edilən 56 kitab Prezident İlham Əliyevin Zəngəzurun inkişafı istiqamətində həyata keçirdiyi siyasətə AMEA-nın və ümumilikdə, Azərbaycan elminin dəstəyini ifadə edir. O, həmçinin kitab müəlliflərinin əməyini yüksək dəyərləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb, sərginin elm və mədəniyyət mübadiləsi baxımından böyük önəm daşıdığını vurğulayıb.

İsa Həbibbəyli sərgi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzaladığını da xatırladaraq, bu təşəbbüsün beynəlxalq elmi əlaqələrin genişlənməsinə xidmət etdiyini söyləyib. O, çıxışının sonunda yaxın zamanda Zəngəzur mövzusuna həsr olunmuş 100 kitabın təqdimatının keçiriləcəyini qeyd edib, bu istiqamətdə AMEA-da elmi tədqiqatların ardıcıl şəkildə davam etdirildiyini və işlərin planlı surətdə həyata keçirildiyini diqqətə çatdırıb.

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev qeyd edib ki, sərgidə XX əsrin 80–90-cı illərində AMEA-nın folklorşünas alimlərinin Zəngəzurda folklor ekspedisiyaları zamanı topladıqları dəyərli nümunələrə həsr edilən nəşrlər də ziyarətçilərə təqdim olunur. 

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, həmin institutun böyük elmi işçisi tarix elmləri doktoru Solmaz Məhərrəmova, Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərov, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov və Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova çıxış edərək Zəngəzurla bağlı geniş oxucu kütləsinə təqdim edilən kitabların elmi və siyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda bu kimi sərgi və tədbirlərin gənc nəslin maariflənməsi və elmi irsə marağın artırılması baxımından vacibliyi vurğulanıb.

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 7-dək davam edəcək.