Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 8-18 oktyabr tarixlərində adıçəkilən idarələrin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçiriləcək.
Dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə həyata keçirilən layihənin əsas məqsədi musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir.
Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, skripka, violonçel, klarnet, vokal və rəqs ixtisaslarını əhatə edəcək.
Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçiriləcək ustad dərsləri respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.