Tarixdəki olaylar

 

6 oktyabr 1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciəti əsasında vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert (Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə) adlandırılması barədə qərar qəbul edib. 1923-cü il iyulun 7-də DQMV-nnin yaradılmasından cəmi üç ay sonra Xankəndinin adının dəyişdirilməsi bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.

 

6 oktyabr 1973 – Növbəti Ərəb-İsrail müharibəsi (“Məhşər günü” savaşı) başlayıb. Yəhudilərin əlamətdar dini günü (“Məhşər günü” – Yom Kipur) qeyd olunduğu vaxt Misir və Suriyanın İsrailə qarşı başlatdığı savaşın məqsədi 1967-ci ildəki “Altıgünlük müharibə”də (5-10 iyun) məğlubiyyətin əvəzini çıxmaq idi. Lakin 20 günə yaxın sürən bu müharibəni də İsrail qazandı və 6 il əvvəl zəbt etdiyi Sinay yarımadasına (Misir) nəzarəti saxlamaqla bərabər, Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini (paytaxt Dəməşqin 40 kilometrliyi) ələ keçirdi. 25 oktyabrda İsrailin tərəfində olan ABŞ-nin və ərəblərə yardım edən SSRİ-nin ümumi səyləri ilə müharibə dayandırıldı.

 

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun Ev-Muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 – 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

 

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 – 28.2.2015) anadan olub. “Tənəkə”, “Yağmurcuq quşu”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

6 oktyabr 1930 – Dövlət xadimi, publisist Səməd ağa Ağamalıoğlu (1867–1930) vəfat edib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sovetləşmədən sonra Azərbaycan SSR MİK (respublika hökuməti) sədri, Yeni Türk Əlifbası Komitəsinin sədri olub.

Hazırladı: Vüqar Orxan