F.Köçərli adına Respublika Uşaq Kitabxanası, hər il olduğu kimi, XI Bakı Beynəlxalq Kitab Sərgisində də fəal şəkildə iştirak edir. Kitabxana tərəfindən sərginin məkanı Bakı Ekspo Mərkəzində rəngarəng tədbirlər təşkil edilir.
Oktyabrın 3-də Türkiyədən sərgiyə dəvət olunmuş uşaq yazarı və nağılçı Sema Yaylı ilə görüş keçirilib. Görüşdə paytaxtdakı "Modern School", 172 və 11 saylı tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Yazar uşaqlara türk ədəbiyyatına dair maraqlı nümunələr təqdim edib, öz qələm məhsulları olan “Ejderya”, “Kapıların ardındakı”, “Karar dağları” və “Origamili masallar – kurbağa Alkara” kitablarını tanıdıb. Yazıçı həmçinin məşhur “Keloğlan” nağılını musiqili formada səsləndirərək uşaqların marağına səbəb olub.
Daha sonra Sema Yaylı origami sənəti üzrə ustad dərsi keçirib. Uşaqlara bu sənətin incəliklərini izah edən yazıçı onlarla birlikdə kağızdan müxtəlif fiqurlar hazırlayıb.
Tədbirin sonunda şagirdlərə “Göyqurşağı” uşaq jurnalı hədiyyə edilib.
***
Növbəti tədbir kimi Azərbaycanın uşaq yazıçıları Sevinc Nuruqızı və Solmaz Amanova ilə oxu saatı təşkil olunub. Oxu saatının ilk mərhələsində S. Nuruqızının iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Salam, İnnab ağacı” kitabının təqdimatı keçirilib. Təqdimatda Həzi Aslanovun Ev-Muzeyinin (Lənkəran) direktoru, 172, 11 saylı tam orta məktəblərinin 3-cü və 8-ci sinif şagirdləri iştirak ediblər. Uşaqlara imzalı kitablar hədiyyə olunub.
Sonra şagirdlər Solmaz Amanovanın “Yaşıl portal” kitabı ilə tanış olublar. Bakı şəhəri 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri isə yazarın “Zəfəran” əsərini səhnələşdirərək maraqlı tamaşa nümayiş etdiriblər.
Həmin gün Respublika Uşaq Kitabxanası tərəfindən uşaqların yaradıcı bacarıqların inkişafına yönəlmiş ustad dərsi də təşkil olunub. 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin sağlamlıq imkanları məhdud uşaqları gildən hazırlanan fiqurların rənglənməsi prosesində fəal iştirak ediblər.