Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr sərginin builki fəxri qonaq ölkəsi Qətər Dövlətidir.
Sərgi çərçivəsində oktyabrın 2-də Bakı Ekspo Mərkəzinin “Üzeyir Hacıbəyli” salonunda “Bakıdan Dohaya: mədəniyyət həftələri təcrübəsi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə 2024-cü ilin fevralında Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri və bu ilin aprel ayında Bakıda təşkil olunan Qətər Mədəniyyəti Günləri ilə bağlı videoçarxı izləyiblər.
Qətər Dövləti mədəniyyət nazirinin müşaviri Məryəm əl-Hammadi çıxışında iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıb. O, Qətərin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə statusunda təmsil olunmasının Bakıda və Dohada keçirilən qarşılıqlı mədəniyyət günlərinin nəticəsi olduğunu vurğulayıb. Müşavir həmçinin bir sıra kitabların ərəb dilindən Azərbaycan dilinə, Azərbaycan dilində olan bir sıra nəşrlərin isə ərəbcə yayımlanacağını da diqqətə çatdırıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Aydan Nurəlizadə Azərbaycan ilə Qətər arasında mədəni əlaqələrin prespektivləri və mövcud imkanların qiymətləndirilməsi barədə söz açıb.
Qeyd edək ki, sərgi çərçivəsində Qətər mədəniyyətinin təbliği ilə bağlı kitab təqdimatları və müzakirə saatları keçirilir.