Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib. “Addım-addım Vətəndə” adlı layihə çərçivəsində kollektivin ilk səfəri Lənkəran Dövlət Dram Teatrına olub.

Aktyorlar Mehman Piriyev və Səyad Əliyev balacaları salamlayaraq, onlara teatrın tarixi, fəaliyyəti və gələcək planları ilə bağlı məlumat veriblər.

Sonra səhnəyə Lənkəran Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, Əməkdar artist İntiqam Soltan dəvət olunublar.

Qeyd edilib ki, Bakı Uşaq və Gənclər Teatrı hər zaman özünün sadiq kiçikyaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarının xoş keçməsi, eyni zamanda, mənən zənginləşməsi üçün dəyərli tamaşalara yer ayırır.

Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimovanın ifasında balacalar üçün şən mahnılar ifa edilib.

Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Ağıllı tülkü”, “Danışan gəlincik”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Sevgi şimşəyi” tamaşalarından parçalar uşaqların böyük sevincinə səbəb olub.

Bakı Uşaq və Gənclər Teatrının “Addım-addım Vətəndə” layihəsi digər bölgə teatrlarında da davam edəcək.