Azərbaycan Memarlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi bu il yeddinci dəfə keçirilir. İlk dəfə 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə gerçəkləşən müsabiqə iki ildən bir təşkil edilir.
Oktyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində layihələrin sərgisi açılıb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Sərginin açılış mərasimində danışan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə bildirib ki, 2013-cü ildə əsası qoyulan Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi ən yüksək reytinqə malik olan dünya memarlıq müsabiqələrinin sırasına daxil olub. Beynəlxalq Memarlar İttifaqı tərəfindən də dəstək verilən müsabiqə 7 nominasiya üzrə keçirilir.
Müsabiqənin münsiflər heyəti Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyə olunan məşhur memarlardan ibarətdir. Ötən dövrdə münsiflər heyətinin tərkibinə Mişel Barmaki (Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali (Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot (Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kuan (Honkonq), Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kush (Hindistan), Giuseppe Cappochin (İtaliya), Léo Orellana (Çili) kimi tanınmış memarlar daxil olub.
E.Qasımzadənin sözlərinə görə, müsabiqəyə təqdim olunan layihələrin coğrafiyası getdikcə daha çox ölkəni əhatə edir. Yeddinci müsabiqəyə 38 ölkənin memarları tərəfindən 270 layihə təqdim olunub.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov müsabiqənin əhəmiyyətini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə qeyd olunub ki, ötən 6 müsabiqədə (2013-2023-cü illər) müsabiqədə 53 ölkədən memarların ümumilikdə 1200-dən çox layihəsi iştirak edib. Bu müsabiqələrdə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Polşa, Hindistan, Braziliya və Azərbaycan memarları qalib olublar.
Qeyd edək ki, 2025-ci ilin martında elan edilən 7-ci müsabiqəyə işlər sentyabrın 1-dək qəbul olunub.
Təşkilatçılar tərəfindən ümumi mükafat fondu 52500 AZN (hər nominasiya üzrə 7500 AZN) məbləğində müəyyən edilib.
Hər nominasiya üzrə mükafatlar aşağıdakı kimi bölüşdürülür:
Birinci mükafat – 4 000 AZN
İkinci mükafat – 2500 AZN
Üçüncü mükafat – 1000 AZN
Beynəlxalq münsiflər heyəti işləri nəzərdən keçirərək qiymətləndirəcək (1-2 oktyabr).
Müsabiqənin nəticələri 3 oktyabrda elan olunacaq.