Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı oktyabrın 1-də repertuarındakı ən baxımlı əsərlərdən birini – italyan bəstəkarı Rudjero Leonkavallonun “Təlxəklər” (“Payatsı”) operasını təqdim edib.

BMA-nın Opera Studiyasında (teatrın binası təmirlə əlaqədar bağlıdır) nümayiş olunan ikipərdəli tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı mərhum Xalq rəssamı Tahir Tahirov (1948–2019), xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Operada əsas partiyaları Adil Axundov (Kanio), Fatimə Cəfərzadə (Nedda), Əməkdar artist Anton Ferştandt (Tonio), Reza Xosrovzadə (Silvio) və Fəhmin Əhmədli (Beppo) ifa ediblər. Kəndli obrazlarını Əməkdar artist Tural Ağasiyev və Xalid Daşdəmir canlandırıblar.

Klassik musiqi ədəbiyyatının məşhur nümunələrindən olan “Təlxəklər” operası dramatik süjet xətti və emosional musiqi dili ilə seçilir. İnsan hisslərinin ziddiyyətləri, qısqanclıq və faciəvi məhəbbət mövzulu tamaşa solistlərin güclü vokal hazırlığı, orkestrin ahəngdar ifası və yaradıcı heyətin peşəkar yanaşması nəticəsində təsirli sənət nümunəsi kimi təqdim edilib.

Səhnə əsəri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.