Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin librettosu əsasında “Mesenat” tamaşasının (bəstəkar Pikə Axundova) məşqlərinə başlanılıb.
Teatrın direktoru Aqil Bəhramlı bu münasibətlə yaradıcı heyətlə görüşüb. O, məşhur neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən əsərin yeni quruluşda hazırlanması ilə bağlı bəzi tövsiyələrini verib, yaradıcı heyətə uğurlar arzulayıb.
Əli Əmirli, Pikə Axundova, Əməkdar artistlər Əzizağa Əzizov, Nadir Xasiyev, Çingiz Əhmədov və digərləri fikirlərini bölüşərək tamaşanın məhz Tağıyevin binasında – Musiqili Teatrın səhnəsində təqdim olunmasının mənəvi tərəflərini vurğulayıblar.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov əsas məqsədinin Tağıyevi təkcə ictimai xadim, xeyriyyəçi kimi deyil, eyni zamanda böyük insan kimi cəmiyyətə çatdırmaq olduğunu bildirib.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Hacı Zeynalabdin Tağıyev obrazını aktyor İbrahim Əlizadə canlandıracaq. Tağıyevin uşaqlıq çağını isə azyaşlı aktyor Miruğur Əlili oynayacaq.
Səhnə əsərində həmçinin Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, İqrar Salamov, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Türkel Tariqpeyma, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nigar Qarayeva, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Həmid Həmzəyev və başqaları iştirak edəcəklər.
Xatırladaq ki, Əli Əmirlinin “Mesenat” pyesi ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya (quruluşçu rejissor Bəhram Osmanov) qoyulub.