Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı yeni daimi ekspozisiyanın açılışı keçirilib.
Sentyabrın 30-da gerçəkləşən tədbirdə Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı akademik Ömər Eldarov və Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə çıxış edərək ekspozisiyanın milli təsviri sənət tarixində xüsusi əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, yeni ekspozisiya ötən əsrin 50-ci illərindən başlayaraq 2000-ci illərə qədər Azərbaycan təsviri sənətinin müxtəlif mərhələlərini əhatə edir. Burada 80-ə yaxın rəngkarlıq, qrafika və heykəltaraşlıq nümunəsi nümayiş olunur.
Müxtəlif nəsillərə mənsub rəssam və heykəltaraşların yaradıcılığını bir arada təqdim edən ekspozisiya milli incəsənətin bütöv mənzərəsini yaradır. Zallar mövzular üzrə bölünərək Bakının mənzərələrini, görkəmli şəxsiyyətlərin portretlərini, gündəlik həyat səhnələrini, mücərrəd üslublu əsərləri, həmçinin klassik və müasir plastik dilin vəhdətini əks etdirir.
Ekspozisiyada Tağı Tağıyev, Vəcihə Səmədova, Bədurə Əfqanlı, Asəf Cəfərov, Mirnadir Zeynalov, Fərhad Xəlilov, Çingiz Fərzəliyev, Aydan Salahova və digər görkəmli rəssamların əsərləri təqdim olunur.
Heykəltaraşlıq bölməsində isə Cəlal Qaryağdı, Elmira Hüseynova, Natiq Əliyev, Sahib Quliyev, Teymur Rüstəmov kimi sənətkarların müxtəlif üslublarda yaratdıqları əsərlər nümayiş etdirilir.
Yeni ekspozisiya qeyd edilən dövr üzrə Azərbaycan təsviri sənətinin zəngin yaradıcılıq xəttini izləməyə imkan verir və milli incəsənətin dinamik inkişafını əks etdirir.