Azərbaycan ilə Qətər arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir. Kitab sərgisi həm Azərbaycanın zəngin mədəniyyətini, həm də Qətərin tarixi və müasir irsini təqdim edən mühüm platformadır. Bu cür tədbirlər xalqlar arasında qarşılıqlı hörməti və dostluğu daha da möhkəmləndirir.
Bu fikirləri oktyabrın 1-də Bakı Ekspo Mərkəzində işə başayan XI Bakı Beynəlxalq Kitab Sərgisində mediaya müsahibəsində Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri deyib.
Diplomat vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, mədəniyyət, təhsil və digər humanitar sahələrdə də genişlənir.
“Bu gün keçirilən sərgidə Qətərin fəxri qonaq kimi iştirak etməsi bizim üçün böyük qürurdur. Bu, ölkəmizə göstərilən etimadın və Azərbaycanla aramızdakı dostluğun göstəricisidir. Qətərdə nəşriyyat və poliqrafiya sahəsinə, kitabxanaların inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın daha da güclənəcəyinə inanılır”, – deyə səfir əlavə edib.
XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi kimi Qətər tədbirdə rəsmilər, elm, ədəbiyyat xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə təmsil olunur. Sərginin beynəlxalq salonunda Qətərin özünəməxsus mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya yer alıb.
Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək. Bu günlərdə metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə (ödənişsiz) gediş-gəlişi təmin ediləcək.