Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu beynəlxalq əməkdaşlıq əlaqələrinə də diqqət ayırır.

Sentyabrın 25-də "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qazaxıstan Respublikasının "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Müqavilənin onlayn formatda – video-bağlantı ilə keçirilən görüş zamanı "Keşikçidağ" qoruğunun direktoru Musa Mursaquliyev və "Həzrət Sultan" muzey-qoruğunun rəhbəri Nurlan Dukenbayev imzalayıblar.

Memorandum türk dövlətlərinin ortaq tarixi köklərə və ümumi mədəni irsə malik olduqlarının bariz nümunəsidir. Sənəd birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı elmi-mədəni əlaqələrin inkişafını və müştərək tədqiqatların aparılmasını nəzərdə tutur. Bu əməkdaşlıq yalnız iki qurum arasında mədəni və elmi əlaqələrin güclənməsinə deyil, həm də ümumtürk mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

Gələcək əməkdaşlıq çərçivəsində birgə arxeoloji qazıntı və tədqiqatların aparılması xüsusi əhəmiyyət daşıyır. Bu fəaliyyət yalnız maddi-mədəni irsin üzə çıxarılmasına deyil, eyni zamanda regionların ortaq arxeoloji mənzərəsinin müəyyənləşdirilməsinə xidmət edəcək.

İki qoruğun təşəbbüsü ilə müxtəlif ölkələrdə birgə sərgilərin təşkili əldə olunan nəticələrin geniş auditoriyalara çatdırılmasına imkan verəcək. Qarşılıqlı onlayn seminar və konfransların keçirilməsi mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinə zəmin yaradacaq.

Bundan əlavə, tərəflər gələcəkdə "Keşikçidağ" qoruğunun ərazisində elmi-arxeoloji qazıntıların və yay məktəbinin təşkilini planlaşdırır ki, bu da gənc tədqiqatçıların təcrübə qazanmasına böyük dəstək olacaq.

Əldə olunan elmi nəticələrin Qazaxıstan mediasında işıqlandırılması isə mədəni irs sahəsində ortaq fəaliyyətlərin tanıdılması baxımından mühüm addım olacaq.