Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türk Dil Qurumunun (Türkiyə) təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, bugünkü konfransın təşkil edildiyi AMEA-nın Rəyasət Heyətinin akt zalında keçirildiyini bildirib. Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyini, bəzilərinin isə güllələndiyini söyləyib. Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademik İsa Həbibbəyli sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.
İsa Həbibbəyli Türkoloji Qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. 100 il öncə təqdim edilən ideyaların bu gün Türk Dövlətləri Təşkilatının (TDT) timsalında gerçəkləşməkdə olduğunu deyən akademik qeyd edib ki, qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə TDT tərəfindən yaradılan "Türk dünyası ortaq əlifba komissiyası"nın iclasında qəbul olunub.
Prezident İlham Əliyevin Türk dünyasını bizim ailəmiz adlandırdığını, türk xalqlarına verdiyi ən yüksək dəyəri ifadə etdiyini xatırladan akademik İsa Həbibbəyli dövlətimizin başçısının prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyob.
Birinci Türkoloji Qurultayın akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub. O, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğu, bugünkü konfransla yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur.
Konfransda Birinci Türkoloji Qurultaydan bəhs edən videoçarx nümayiş olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın təbrik məktubu səsləndirilib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Türklərin Birinci Türkoloji Qurultayı və ya Birinci Türkoloji Qurultayda türklər” mövzusunda çıxış edib. O vurğulayıb ki, qurultayda müzakirə edilmiş məsələlər türk xalqlarının səsləndirdiyi fikirləri ifadə edirdi və zamanla İsmayıl bəy Qaspıralı, Vasili Radlov və başqaları tərəfindən dilə gətirilmişdi.
Türk Dil Qurumunun başqanı professor Osman Mert “1926-cı il Bakı Birinci Türkoloji Qurultayından günümüzə Türk dünyasında ortaq əlifba məsələsi” mövzusunda çıxış edib. Qeyd edib ki, bu qurultay Türk dünyası tarixinin dönüş nöqtəsidir, onun ideyaları Türk dünyasının ortaq yaddaşı, dili və mədəniyyətinin xatırlanması baxımından yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.
Xalq şairi Sabir Rüstəmxanlı “Birinci Türkoloji Qurultay haqqında söz” mövzusunda məruzəsində qeyd edib ki, Azərbaycan alimləri hələ sovet dövründə türkologiyanın yaşadılmasına çalışmışlar və “Türkologiya” jurnalının uzun illərdir fəaliyyət göstərməsi bunun isbatıdır.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultay sənədlərdə” və Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru Adil Babayev “Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzusunda çıxış ediblər.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov və Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri filologiya elmləri doktoru professor İlhami Cəfərsoy Birinci Türkoloji Qurultayın türk xalqlarının ictimai fikrində və mədəni inkişafındakı roluna toxunublar.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə AMEA-da kitab və monoqrafiyaların nəşrinin, humanitar və ictimai elm sahələrini əhatə edən elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.