Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünyaşöhrətli alim Holm Altenbax Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində bu ali məktəbdə seminarlar keçmək üçün dəvət olunub.

AzMİU-dan bildirilib ki, almaniyalı alimin universitetin müəllim heyəti və tələbələri üçün üç seminarı nəzərdə tutulub.

Professor Altenbaxın ilk elmi seminarı “Sürünmə mexanikasının tarixi və elmi qrupun nəticələri”, ikinci seminarı “Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunu əhatə edib.

Sonuncu gün o, AzMİU-nun Ali riyaziyyat, İnşaat konstruksiyaları və Mexanika kafedralarının əməkdaşları ilə görüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq.

Onun universitetə gəlişi gənc tədqiqatçıların elmi potensialını artırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nun tədqiqatyönümlü universitet statusunu daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Holm Altenbax müasir mühəndislik mexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimi tanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirib, 1996–2011-ci illərdə Halle-Vittenberqdə yerləşən Martin-Luther Universitetində mühəndislik mexanikası üzrə professor vəzifəsində çalışıb, hazırda isə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir. Onun tədqiqatları davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik divarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünmə və zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o, Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiq görülüb.

Professor Altenbax elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyük nüfuza malikdir. Hazırda “ZAMM – Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru, “Mechanics of Composite Materials” jurnalının assosiativ redaktorudur.