1 oktyabr Beynəlxalq Musiqi Günüdür (International Music Day). UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.
1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub.
1 oktyabr Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. 1918-ci il oktyabrın 1-də Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının yaradılması barədə qərar qəbul edib. Prokurorluq işçilərinin peşə bayramı Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə təsis olunub.
Tarixdəki olaylar
1 oktyabr 1827 – Rusiya qoşunları İranla müharibə (1826–1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General İvan Paskeviçin komandanlıq etdiyi qoşunlar bundan öncə (20 sentyabr) bölgədəki strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi və Eçmiədzin kilsəsi ruslara kömək göstərmişdi.
1 oktyabr 1927 – SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib.
1 oktyabr 1949 – Çin Xalq Respublikasının yarandığı elan edilib. Çin kommunistlərinin lideri Mao Tszedun (Zedong, Tse-tung) dövlətin rəhbəri olub. 1840-cı illərdə qismən Britaniya imperiyasının təsiri altına düşən Çində 1927-ci ildə Sun Yatsenin başçılığı ilə inqilab qələbə çalmışdı. Lakin bundan sonra hakimiyyətə gələn general Çan Kayşi diktatura rejimi qurdu və ölkəni müttəfiqi olduğu Yaponiyanın təsiri altına saldı. II Dünya müharibəsindən sonra Çində xalq inqilabı başlandı və ÇXR elan edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 oktyabr 1897 – Görkəmli şairə Xurşidbanu Natəvan (1832–1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanında dəfn edilib.
1 oktyabr 1912 – Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912 – 15.6.1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada”.
1 oktyabr 1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932 – 15.5.1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.
1 oktyabr 1947 – Türkiyənin tanınmış teatr və kino aktyoru, televiziya aparıcısı Kənan İşıq (Yusuf Kenan Işık; 1947–2024) anadan olub. 2014-cü ildə keçirdiyi qəzadan sonra 10 il komada qalıb.
1 oktyabr 1949 – Əməkdar artist Almaz Əhməd qızı Mustafayeva (1949 – 26.12.2020) Ağdam şəhərində doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub, filmlərdə çəkilib.
1 oktyabr 1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Hazırladı: Vüqar Orxan