Xəbər verdiyimiz kimi, 1–7 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
Sentyabrın 30-da sərgi ilə bağlı mətbuat konfransı təşkil olunub.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qeyd edib ki, builki sərgi müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib.
“Bu il sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılacaq. Sərginin beynəlxalq salonunda isə Qətərin zəngin mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya təqdim olunacaq”, – deyə A.Kərimova əlavə edib.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu vurğulayıb ki, kitab sahəsi Mədəniyyət Nazirliyinin prioritet məsələrindəndir. O, kitabın ekosistemində yeni investisiyalara fayda olduğunu diqqətə çatdırıb. Nazirin müşaviri builki Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək ölkələr barədə məlumat verib.
Bildirib ki, 23 xarici ölkənin (Türkiyə, Qətər, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) ümumilikdə 68 təşkilatı və Azərbaycanın 123 nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisəsi sərgidə iştirak edəcək: "11-ci Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya isə ilk dəfə olaraq sərgidə iştirak edəcək. 7 gün ərzində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. İmza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək".
Diqqətə çatdırılıb ki, bu il də Mədəniyyət Nazirliyi tərəfindən iştirakçılar üçün 6 kvadratmetrədək ekspozisiya sahəsi və lazım olan avadanlıqlar ödənişsiz olaraq təmin edilib. Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də əcnəbi yazıçılar sərgidə iştirak edəcəklər.
Mədəniyyət nazirinin müşaviri daha sonra deyib: "Bölgələrdə kitab yarmarkalar təşkil etmək istəyirik. Nəşriyyatlardan aztirajlı kitabların müəyyən hissəsini almağı düşünürük. Milli yaddaş çox mühümdür. Süni intellektin bizə təqdim edəcəyi yaddaş milli olmayacaq. Milli yaddaşımızın qorunmasında bu kitab sərgisinin müstəsna rolu olacaq”.
Mətbuat konfransında 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov da fikirlərini bölüşüblər.
Qeyd edək ki, sərgini ziyarətçiləri “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.