Sentyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq balkanşünaslıq konfransı keçirilib.

BSU-nun rektoru Anar Nağıyev açılış nitqində konfransın balkanşünaslıq sahəsində beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və Azərbaycanla Balkan ölkələri arasında elmi-mədəni əlaqələri daha da inkişaf etdirmək baxımından əhəmiyyətini qeyd edib.

“Universitet olaraq bizim üçün yalnız dil və ədəbiyyatların öyrənilməsi deyil, eyni zamanda, bu dillərin daşıyıcıları olan xalqların tarixi, mədəniyyəti və ictimai həyatını tədqiq etmək də son dərəcə önəmlidir. Balkan ölkələri ilə Azərbaycanın tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələri bu sahədə elmi tədqiqatların aparılmasını zəruri edir. Konfransın keçirilməsində əsas məqsədimiz də məhz bu istiqamətləri gücləndirməkdir. Eyni zamanda, sevindirici haldır ki, Balkan ölkələrində də azərbaycanşünaslıq sahəsində maraqlı və dəyərli araşdırmalar aparılır. Biz bu konfrans vasitəsilə həmin araşdırmaları da elmi ictimaiyyətə təqdim etmək və bu sahədə əməkdaşlıqları daha sistemli və davamlı etməyi planlaşdırırıq”, – deyə rektor bildirib.

Sonra Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, energetika nazirinin müavini Elnur Soltanov, Şimali Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universitetinin rektoru Bilyana Angelova, Türkiyənin Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, Albaniyanın Nyu-York Tirana Universitetinin rektoru Ali Güneş, Bolqarıstanın Müqəddəs Kliment Oxeidski adına Sofiya Universitetinin tədris məsələləri üzrə prorekroru Madlen Danova çıxış edərək tədbirin elmi müzakirələrin aparılmasına fürsət yaratmaqla yanaşı, Azərbaycan ilə Balkan ölkələri, Türk dünyası ilə Balkanlar arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələri daha da genişləndirəcəyini qeyd ediblər. Çıxışlarda konfransın tarixi köklərimizi, ortaq mədəniyyətimizi, müasir əməkdaşlıq imkanlarımızı nəzərdən keçirmək və yeni körpülər qurmaq üçün böyük bir platforma olduğu qeyd olunub.

Qeyd edək ki, 4 bölmə üzrə öz işini davam etdirən konfransda Balkan regionunun tarixi, mədəniyyəti etnoqrafiyası, region geosiyasi məkanı, Azərbaycan və Türk dünyası ilə əlaqələrinə dair 100-dən artıq məruzə dinlənilib.