Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi daim tədqiqatçıların diqqət mərkəzindədir. Ölməz sənətkarın 140 illik yubileyində bu tədqiqat işlərinə yeniləri əlavə olundu. XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlərdə də Üzeyir bəyə həsr olunan bir neçə yeni musiqi əsəri və tədqiqat işi təqdim edildi.

Sentyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatı keçirilən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabı (II cild) da bu yubileyə töhfədir.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Qeyd edək ki, kitabın I cildi 2016-cı ildə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən nəşr edilib. Kitabda müxtəlif elm və incəsənət xadimlərinin Üzeyir bəy haqqında düşüncələri əksini tapıb. Təqdim olunan II cilddə dahi bəstəkar haqqında xatirə müəlliflərin məqalələri yer alıb.

Təqdimat mərasimi Üzeyir Hacıbəylinin yadigar videoyazısı və Ulu öndər Heydər Əliyevin onun haqqında fikirlərini əks etdirən videoçarxla başlayıb.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir giriş sözündə bu il 17-si keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının dahi sənətkarın irsinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Firəngiz Əlizadə festival çərçivəsində Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlər haqqında danışaraq hər il bəstəkar və musiqişünasların Üzeyir bəy irsinə dair yeni əsərlər, kitablar qələmə aldığını diqqətə çatdırıb. Bu qəbildən nəşrlərin Azərbaycan musiqi mədəniyyəti üçün əhəmiyyəti vurğulanıb.

Əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə, Həcər Babayeva, Faiq Nağıyev və Elnarə Dadaşova kitab haqqında fikirlərini bölüşərək Səadət Təhmirazqızının bir musiqişünas olaraq geniş fəaliyyətindən söhbət açıblar.

Tədbirin bədii hissəsində Ü.Hacıbəylinin “Şəfqət bacısı” (söz: Səməd Vurğun; ifa: Əməkdar artist Gülüstan Əliyeva, müşayiət: beynəlxalq müsabiqələr laureatı Lalə Xəlilli), “Arşın mal alan” operettası əsasında bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin fortepiano üçün işləmələri (ifa: müəllif), “Arşın mal alan” operettasından Əsgərin ariyası (ifa: AMK-nın I kurs tələbəsi Mikayıl Nəsirov; konsertmeyster: Rəhimə Qurbanova), “Koroğlu” operasından Xanəndə qızın mahnısı (ifa: AMK-nın IV kurs tələbəsi Günel Əsədova; konsertmeyster: Vəfa Əzizova), “Çağırış” (ifa: Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin IV sinif şagirdi Əli Nurullayev; müşayiət: Mətanət Nurullayeva) əsərləri səslənib.