Milli Kitabxana “27 Sentyabr – Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edib.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2 dekabr 2020-ci il), mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyat nümayiş olunur.
***
Respublika Gənclər Kitabxanasında 27 Sentyabr – Anım Günü münasibətilə “Milli tariximizin şücaət salnaməsi!” adlı məlumat bülleteni, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, məlumat bülleteninin “Rəsmi sənədlər” hissəsində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci ildə xalqa müraciətinin, Anım Günü və Vətən müharibəsi ilə bağlı dövrü mətbuatdan seçmə məqalələrin mətni, eləcə də Anım Günü, II Qarabağ müharibəsinin tarixi, Vətən müharibəsi şəhidləri haqqında kitabların biblioqrafik icmalı, qısa annotasiyası, dövri mətbuatda çıxan məqalələrin siyahısı verilib.
“27 sentyabr Anım Günü” adlı virtual kitab sərgisində də Vətən müharibəsi ilə bağlı mətbu məqalələrin mətni yer alıb.
Virtual kitab sərgisi kitabxananın saytında yerləşdirilib.