Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalıın növbəti tədbiri sentyabrın 26-da Bakı Musiqi Akademiyasında olub. Burada təşkil olunan “Üzeyir bəyin ocağında” adlı konsert dahi bəstəkarın 140 illik yubileyinə həsr edilib.
Konsertdə BMA-nın istedadlı tələbələrinin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı” əsərləri, “Sənsiz” və “Sevgili canan” romansları, “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, "2 nömrəli fantaziya", həmçinin Emil Əfrasiyabın “Parafraz” əsəri səsləndirilib. Musiqi nömrələri qiraətçilərin çıxışları ilə müşayiət olunub.
Hüseynağa Aslanov (qiraət), Zərif Kərimova (qiraət), Əli Adıgözəlov (piano), Əsmər Alxazova (piano), Elçin Məmmədov (piano), Aysun Mahmudzadə (vokal), Hidayət Sadıqbəyli (piano), İluzər İbrahimzadə (piano), İsmayıl Əsədbəyli (vokal), Özcan Cabbari (violin), Nəzrin Qulamova (piano), Ülviyyə Mustafazadə (violonçel) və Zəminə Kərimovanın (piano) çıxışları alqışlarla qarşılanıb.
Konsertin qonağı kimi Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi – C.Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) da çıxış edərək tədbirə rəng qatıb.