Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizə səfərə gələn Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko və nümayəndə heyəti ilə görüş keçirilib.
ADU-dan bildirilib ki, rektor akademik Kamal Abdulla qonaqları salamlayaraq Azərbaycan ilə Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əməkdaşlığın olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, ADU-da Macar dili və mədəniyyəti mərkəzi" fəaliyyət göstərir. Tələbələr macar dilinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərirlər.
Rektor bu il Macarıstanın ELTE Universitetində "Azərbaycan dili və mədəniyyəti mərkəzi"nin açıldığını da diqqətə çatdırıb: “Bizim macar həmkarlarımızla əməkdaşlığımız qarşlıqlı şəkildə davam edir. Biz burada macar dilini, mədəniyyətini, Macarıstanı öyrənirik, Macarıstandakı tələbələr isə Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanı öyrənirlər. Universitetimizdə 20-dən çox dil tədris olunur. Bu dillərin arasında macar dilinin xüsusi yeri var. Tələbələrimiz bu dili sevə-sevə öyrənirlər. Xalqlarımız arasında tarixi dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu da bizə bütün sahələrdə sıx əməkdaşlıq üçün güc verir. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək”.
Nazir Balazs Hanko müasir təhsil və elmi əlaqələr haqqında fikirlərini bölüşərək bildirib ki, sürətlə dəyişən dünya elm, təhsil texniki inkişaf və informasiya ilə yeni bir mərhələyə qədəm qoyur. Burada elmi təcrübələr, yeni təhsil yanaşmaları xüsusi önəm daşıyır. O, həmçinin ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açaraq deyib ki, son illər iki ölkə arasında elmi, mədəni əlaqələr sürətlə inkişaf edir. Bu da gələcək elmi, mədəni əməkdaşlıq üçün əlverişli imkanların yaranması deməkdir. Beynəlxalq əlaqələrin qurulmasının vacibliyindən danışan qonaq ADU-da tədris olunan dillərin vacibliyini xüsusi olaraq qeyd edib. Macar dilinin və mədəniyyətinin tədris olunmasının əlamətdar bir hadisə olması vurğulanıb.
Sonra qonaqlar ADU-da fəaliyyət göstərən "Macar dili və mədəniyyəti mərkəzi" ilə tanış olublar. ADU-nun tələbələri qonaqları macar dilində salamlayıb, onlara universitet haqqında məlumat veriblər. Tələbələrin dil bilgisi və bacarıqları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Balazs Hanko tələbələrə macar dilinə olan diqqət və sevgisinə görə təşəkkür edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.