Sentyabrın 25-də Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş və səfirin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov görüşdə kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, həyata keçirdiyi layihələr və əməkdaşlıq əlaqələri haqqında söz açıb.

Direktor diqqətə çatdırıb ki, oktyabrın 2-də keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanacaq, həmçinin Azərbaycan Milli Kitabxanasında Mərakeş ədəbiyyatı guşəsi açılacaq.

Onun sözlərinə görə, əməkdaşlıq memorandumunun imzalanması müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı tədbirlərin, kitab sərgilərinin təşkilinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacaq.

Səfir Məhəmməd Adil Embarş Mərakeşlə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Kərim Tahirov qonaqlara Milli Kitabxana və Azərbaycanla bağlı nəşrlər, səfir isə Milli Kitabxanaya Mərakeşin mətbəxinə aid kitabı hədiyyə edib.

Qonaqlar Milli Kitabxana ilə tanış olublar.