Türkiyənin “Mədəniyyət Yolu” və QastroAntep – iki festival bir şəhərdə kəsişdi

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən Mədəniyyət Yolu Festivalı davam edir. Hər şəhərdə 9 günlük proqramı olan festival bu il ümumilikdə 20 şəhəri əhatə edir.

Festivalın növbəti ünvanı 13–21 sentyabr tarixlərində Türkiyənin qədim tarix-mədəni irsə malik şəhəri, eyni zamanda zəngin mətbəxi ilə dünyada tanınan Qaziantep oldu. “Mədəniyyət Yolu” çərçivəsində Qaziantepdə növbəti qastronomiya festivalı da keçirildi.

***

Qaziantep Böyükşəhər Bələdiyyəsi ilə birgə gerçəkləşən QastroAntep Beynəlxalq Kulinariya Festivalına tanınmış aşpazlar, qida sənayesi nümayəndələri, qastronomiyanın peşəkarları, eləcə də yazarlar, rəssamlar və media təmsilçiləri qatılmışdı.

Ənənəvi olaraq məşhur Qaziantep fıstığının toplanma mövsümündə təşkil olunan beynəlxalq festival bu il “Təhlükəsiz qida – torpaqdan süfrəyə” devizi altında keçirildi.

Tarixi və mədəni zənginliyi ilə tanınan Qaziantep özünəməxsus kulinariyası ilə 2015-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. O, həmçinin Türkiyənin bu şəbəkədə yer alan ilk şəhəridir.

Azərbaycan mediasının mənsubu olaraq bizim də iştirak etdiyimiz builki festival bölgənin həm bənzərsiz mətbəx mədəniyyətini, həm də mədəni irsini nümayiş etdirdi.

Qaziantep Böyükşəhər Bələdiyyəsinin başqanı  Fatma Şahin bizimlə söhbətində şəhərin tanıtımı ilə bağlı fikirlərini bölüşdü: “Hər il dünyanın bir çox yerlərindən gələn qonaqlarımızı, “Michelin ulduzu” (kulinariya sahəsində dünyaca ünlü bələdçi kataloqu – “Michelin Guide” tərəfindən restoranlara və aşpazlara verilən reytinq ulduzu – red.) olan aşpazlarımızı, qastronomiya üzrə tələbələri, sənətçiləri Qaziantepdə, bu festivalda görmək bizim üçün böyük şərəfdir. Küçələrdə gedərkən insanlarımızın gözlərindəki həvəsi görmək mənə bu şəhərin xarakterini bir daha xatırlatdı. Festival boyu gördüyümüz birlik-bərabərlik bunu gözəl əks etdirdi.

Bu il səkkiz ölkədən 11 mükafatlı aşpaz Qaziantepə gəlib. Onlar yerli məhsullarımızı öyrəndilər, bu məhsulları öz kulinariya mədəniyyətləri ilə qarışdırdılar və dünyaya tanıdılacaq yeni dadlar yaratdılar. Bu, sadəcə, kulinariya təcrübəsi deyil, eyni zamanda bir diplomatiya körpüsüdür. Qaziantepin hekayəsi dünyanın ən ucqar nöqtələrinə daşınır. Bu, həm də gənclərimiz üçün gözəl bir dərs fürsəti oldu. Seminarlarda iştirak edən tələbələr usta aşpazlardan qastronomiyanın gələcəyi ilə bağlı yeni təsəvvür, bilik və bacarıq əldə edirlər”.

Qastronomiya mədəniyyətlə görüşəndə...

Fatma Şahin onu da vurğuladı ki, Qaziantep sivilizasiyaların mozaikasıdır: “Mətbəximiz nə qədər zəngin olsa, mədəniyyətimiz, incəsənətimiz bir o qədər güclü olar. Festival boyunca Zeuqma Mozaika Muzeyinin ekspozisiyasından, Pablo Pikassonun əsərlərinin nümayişindən “Ha Halep, ha Antep” sərgisinə qədər çoxsaylı tədbirlər təşkil etmişik. Uşaqlarımız mozaika emalatxanalarında əl işləri düzəltmiş, yerli və xarici rəssamlarla görüşmüşlər. İnanıram ki, qastronomiya mədəniyyətlə görüşəndə şəhərin hekayəsi tamamlanır. Şəhər dünyaya təkcə yeməyi ilə deyil, həm də ruhu ilə açılır. Qastronomiyada təkcə Türkiyənin deyil, dünyanın da mərkəz nöqtəsiyik. Qaziantep qastronomiyanın qütb ulduzuna çevrilib”.

Həmsöhbətimiz festivalın açılışında Qaziantep valisi Kamal Çeberin söylədiyi dərin mənalı sözləri də diqqətə çatdırdı: “Dünya bir ev olsaydı, Qaziantep onun mətbəxi olardı”. Bu cümlə həqiqətən də festivalın ruhunu əks etdirir.  Qastronomiya təkcə yeməkdən ibarət deyil, həm də şəfalı iqtisadiyyatdır. Qlobal miqyasda xəstəliklər artmaqdadır və həkimlər hər gün sağlam qidalanmanın vacibliyini vurğulayırlar. Mətbəximiz öz təbii gözəlliyi və müxtəlifliyi ilə dünyanın ən zəngin, məşhur mətbəxlərindən biridir. Qaziantep olaraq məqsədimiz təkcə öz şəhərimizi deyil, Türkiyənin bütün kulinariya mirasını dünyaya tanıtmaqdır”.

“Mədəniyyətimizi, mətbəximizi Azərbaycanla birgə tanıtmaq istəyirik”

Bələdiyyə başqanı Azərbaycan mədəniyyətinə və mətbəxinə xüsusi maraqlarının olduğunu da dilə gətirərək Qaziantepin Bakı ilə qardaşlaşmasının nəzərdə tutulduğunu qeyd etdi.

Azərbaycan və Türkiyə bələdiyyələri arasında 20-dən çox qardaş şəhərin elan edildiyini xatırladan Fatma Şahin bildirdi ki, Qaziantepin də bu sırada yer alması üçün müzakirələr  aparılır. O, keçən il  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP-29) iştirak üçün Bakıda olarkən bu barədə fikir mübadiləsi  edildiyini dedi: “Bakıda Azərbaycan mətbəxi ilə tanış olduq. Ətirli çaylarınız, zəngin mətbəxiniz var. Gözəl sənətkarlıq nümunələri gördük. Çox güman ki, bizim qardaşlığımız Bakı ilə baş tutacaq. Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinə dayaq olması artıq bütün dünya üçün nümunədir.  Qaziantep Böyükşəhər Bələdiyyəsinin beynəlxalq arenada nümunə olacaq mükafatlara layiq görülmüş fəaliyyətləri var. Bu təcrübəmizə də əsaslanıb biz Azərbaycan mədəniyyətinin, ənənələrinin, mətbəxinin tanıdılması üçün birgə fəaliyyətlər icra etməyi düşünürük”.

Festivalın açılışında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan da iştirak edirdi. O da bizimlə söhbətində bildirdi ki, Mədəniyyət Yolu Festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək planlarımız var.  Nadir Alparslan Türkiyənin, hər sahədə olduğu kimi, mədəniyyət və turizm sahəsində də Azərbaycanla birgə layihələrdə addımlar atdığını vurğuladı.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Yaşayan Miras və Mədəni Fəaliyyətlər şöbəsinin baş direktoru, Qaziantepdə Mədəniyyət Yolu Festivalının rəhbəri Selim Terzi isə layihə çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırdı. Baş direktor Azərbaycandan bu layihəyə ciddi maraq göstərildiyini də qeyd etdi: “Keçən ay – avqustun 23-də Ərzurumda bu layihə çərçivəsində “Can Azərbaycandan sevgilərlə” başlığı altında Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu və Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” xalq rəqsləri ansamblının çıxışları böyük tamaşaçı rəğbəti qazandı. Bundan başqa, Çanaqqalada  UNESCO-ya üzv ölkələrdən Azərbaycan, Fransa, İran, Qazaxıstan, Monqolustan və Özbəkistanın iştirakı ilə  “Ənənəvi keçə istehsalı” mövzulu silsilə tədbirlərimiz oldu. Azərbaycan bu tədbirlərdə fəal iştirak etdi. Bir neçə ay öncə biz Azərbaycana səfərimizdə də Mədəniyyət Yolu Festivalına maraq göstərildiyinə şahid olduq”.

***

Xatırladaq ki, Türkiyənin tarixi-mədəni irsini, görməli yerlərini, turizm potensialını daha geniş şəkildə tanıtmaq və təbliğ etmək məqsədi daşıyan festival bu il aprelin 5-də Adanada başlayıb. Ardınca “Mədəniyyət Yolu” Manisa (17–25 may), Şanlıurfa (24 may – 1 iyun), Samsun (21–29 iyun), Bursa (28 iyun – 6 iyul), Trabzon (5–13 iyul), Van (12–20 iyul), Nevşehir (2–10 avqust), Ərzurum (16–24 avqust), Çanakkale (30 avqust – 7 sentyabr) və Kayseridən (6–14 sentyabr) keçib.

Qaziantepdən sonra festival bu günlərdə Konya və Ankarada (20–28 sentyabr) davam edir. İstanbul, Malatya, Diyarbəkir, Mardin və İzmirdən də keçəcək “Mədəniyyət Yolu” noyabr ayında Antalyada yekunlaşacaq.

Mehparə Sultanova

Qaziantep–Ankara