Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Dövlət Suverenliyi Günü (20 sentyabr) münasibətilə “Azərbaycanın suverenliyi: tarixdən gələcəyə” adlı daycest və ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan bildirilib ki, təqdim edilən vəsaitdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” sərəncamların və professor Ziyafət Əsgərovun “Azərbaycan konstitusion və suveren dövlətdir” adlı məqaləsinin tam mətni yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda suverenlik günü, suverenlik ili və işğaldan azad edilmiş torpaqlarda suveren hüquqlarımızın bərpası haqqında toplanmış və son beş il ərzində dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa məzmunu və linkləri istifadəçilərə təqdim olunur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilir.
“Azərbaycanın suverenliyi: tarixdən gələcəyə” adlı daycest kitabxananın rəsmi saytında https://ryl.az/funds/daycest yerləşdirilib.
Respublika Gənclər Kitabxanasında “Dövlət Suverenliyi Günü" adlı sərgiədə isə kitabxananın fondunda saxlanılan və şanlı Zəfər tarixini əks etdirən 50-dən çox nəşr yer alıb.