Sentyabrın 20-də Almaniyanın Münxen şəhərində (Bavariya federal əyaləti) iki əsrə yaxın tarixi olan xalq bayramı – 190-cı Oktoberfest başlanıb.
Ənənəvi olaraq oktyabr ayında keçirilən festival, ilk baxışda pivə istehsalçıları və istehlakçılarının bayramı sayılsa da, geniş mənada alman mədəni irsinin də bir təqdimatıdır.
Bu il oktyabrın 5-dək davam edəcək festivalla əlaqədar Münxenin Terezienvieze meydanında 17 böyük çadır quraşdırılıb. İştirakçılar bu çadırlarda sentyabrın 20-də səhər saatlarından yer tutsalar da, onlar ilk pivəni yerli vaxtla saat 12-də Münxen meri Diter Rayterin ilk çəlləyi açmasından sonra dada biliblər. Mer, ötən il olduğu kimi, bu dəfə də çəlləyi ikinci cəhddə açmağı bacarıb.
Ardınca iştirakçıların “O‘zapft is!“ (“Çəllək açıldı!”) sədaları altında festival start götürüb.
İki əsrə yaxın müddətdə hər il Münxendə keçirilən Oktoberfest dünyanın ən böyük xalq festivallarından biridir. Bu bayram ilk dəfə 1810-cu ildə Bavariya şahzadəsi Lüdviqin və şahzadə Terezenin toy mərasiminin şərəfinə keçirilib və hər il (müharibə illəri istisna olmaqla) təşkil edilir. Hər il yüz minlərlə əcnəbi turist Münxen şəhərinə – Oktoberfestə gələrək yerli pivənin dadına baxmaqla yanaşı, Almaniyanın mədəni irsi və əyləncə ənənələri ilə tanış olur.
Vüqar Orxan