C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan film “Kinostudiya sakinləri” adlanır.

Filmdə Azərbaycanın kino irsindən, kinoda izi olan, amma ekranda üzü görünməyən, onu tamaşaçıya tanıdan, sevdirən unudulmaz kino yaradıcılarından bəhs olunur.

Layihənin müəllifi Azər Quliyevin bildirdiyinə görə, bu dəfə kinonun qəhrəmanları onu yaradanlardır: “Yəni filmin əsas məqsədi kinoda görünməyən, amma onun kadrarxasında böyük əməyi olan insanları tamaşaçıya tanıtmaq, sənətin görünməyən tərəflərini işıqlandırmaqdır”.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasında gerçəkləşir. Filmin hər kadrı ayrıca qurulmuş bədii səhnələrdən ibarət olacaq.

Filmin quruluşçu rejissoru Namiq Ağayev, ssenari müəllifi Mahir Dərvişdir. İcraçı prodüser Tofiq Musayev, təsvir rejissoru Rüfət Süleymanov, operatoru Ayaz Mikayılzadə, ikinci rejissoru Gülüstan Əliyeva, quruluşçu rəssamı Rövşən Mehdiyevdir. Ekran işinin rejissoru Leyla Tofiqqızı, bəstəkarı Ceyhun Əliyev, aranjımançısı isə Çingiz Qasımovdur.

Yeni ekran işinin bu ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulur.