Sentyabrın 20-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist Solmaz Məmmədovanın 75 illik yubileyi və yeni nəşr olunan kitabının təqdimatı keçirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi (RMİ) Cəlilabad rayon MKS-nin direktoru Qənimət İsrafilova və RMI-nin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizovun təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rayon rəsmiləri, ədəbiyyat, mədəniyyət, mətbuat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə fəlsəfə elmləri doktoru, yazıçı Bilal Alarlı açaraq Solmaz Məmmədova haqqında geniş məlumat verib, onu "Yeni gün" qəzeti ilə əməkdaşlıq etdiyi vaxtdan tanıdığını söyləyib.
Əməkdar jurnalist, yazıçı, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru Varis Yolçuyev, şair Aqşin Yenisey Solmaz Məmmədovanın yenicə çapdan çıxmış "Onu gözləyən var" kitabı haqda müsbət fikirlər söyləyib və əsərlərində milli-mənəvi dəyərlərə xüsusi diqqət ayıran müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə yubilyarın əmək fəaliyyəti və yaradıcılığı haqqında ətraflı bəhs edilib.
Yazıçı Meyxoş Abdullah, Qarabağ qazisi Maşallah Əliyev, filoloq Sevil İsayeva, fəlsəfə elmləri doktoru İlqar İsmayılzadə, yazıçı, şair Ruhiyyə Abbaszadə, Göytəpə şəhər 2 saylı məktəbinin direktoru Şəhla Rəvan, şəhər bələdiyyə nümayəndəsi Elçin Hüseynov, ziyalılardan Adıgözəl müəllim, Xatirə müəllimə, şairlərdən Gülcahan xanım, Arzu Əyyarqızı, Gülşən Şahmuradlı, Seylan Abbas, Zakir Əliyev çıxış edərək, Solmaz Məmmədovanın 48 illik jurnalistika fəaliyyəti və ədəbi yaradıcılığından danışıblar. Solmaz xanımın yaradıcı qızları bir araya gətirən "Qönçə” ədəbi birliyini təsis etməsindən, onlara qayğı göstərməsindən söhbət açılıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov rayonun icra başçısı Rafiq Cəlilovun ziyalılara, yaradıcı insanlara diqqət və qayğısından bəhs edib. O, uzun illər ictimai işlərdə fəal iştirak edən, vaxtilə rayon Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərən jurnalist Solmaz Məmmədovanı anadan olmasının 75 illiyi və 4-cü kitabının nəşr olunması münasibətilə onu təbrik edib.
Yubilyara Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr, Azərbaycan Mətbuat Şurasının fəxri diplomu, habelə Cəlilabad rayonunda “Həməşəra” mətbu orqanının təsis etdiyi “Nizami Gəncəvi” fəxri diplomu təqdim edilib.
Sonda Solmaz Məmmədova və ailə üzvləri ona göstərilən qayğıya görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür ediblər.