Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.
Əsl bayram ab-havası yaşanna şəhərdə gün ərzində sərgi, tamaşa nümayişi və konsert təşkil olunacaq.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib.
Həmin il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də sərəncam imzalayıb.
***
Bu gün ilk dəfə Xankəndi Şəhər Günü qeyd olunur. Bu gün həm də Dövlət Suverenliyi Günüdür. Mədəniyyət Nazirliyi bu tədbirlərdə çox geniş proqramla iştirak edir.
Bunu Xankəndidə jurnalistlərə müsahibəsində Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev deyib. Şöbə müdiri diqqətə çatdırıb ki, Xankəndi Konqres Mərkəzində açılan “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgidə Qarabağın təbii gözəllikləri, tarixi abidələr əks olunur.
Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ərsəyə gəlib.
Azərbaycanın tarixi Zəfərinin rəmzi olaraq bölgənin yenidən canlandığını nümayiş etdiən sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Səcəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və Alp Ar Tunqa Cabbarlı kimi tanınmış fotoqrafların əsərləri nümayiş olunub. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrin və müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edib.