Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şair-publisist, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılın “Şanlı Vətən oğulları” nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə qeyd olunub ki, bu, müəllifin şəhidlərə həsr etdiyi sayca üçüncü kitabıdır.
Müəllif yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimiz tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini bildirib.
Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında ürək sözləri qələmə alınıb.
Təqdimatda çıxış edənlər şəhidlərin əziz xatirəsini yaşadan və onların qəhrəmanlığını gələcək nəsillərə çatdıran bu kimi nəşrlərin əhəmiyyətini vurğulayıblar.
Tədbir bədii proqramla müşayiət olunub.