Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Şəmkir şəhər Uşaq musiqi məktəbi dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir təşkil edib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax-Tovuz RMİ-nin rəis v.i.e. Səbuhi Xasməmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Üzeyir Hacıbəylinin zəngin irsi, milli musiqi mədəniyyətimizə bəxş etdiyi ölməz əsərlər, həmçinin onun Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş şəxsiyyəti xüsusi vurğulanıb.
Məktəbin şagird və müəllimlərinin ifasında təqdim olunan musiqi nömrələri alqışlarla qarşılanıb.
Çıxışlar arasında təqdim olunan videoçarxlar və Ulu öndər Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında dərin məhəbbətlə söylədiyi fikirlər tədbirə xüsusi məna qatıb.
Proqramda "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, müəllimlərdən ibarət xor kollektivi tərəfindən "Arşın mal alan", "O olmasın, bu olsun" operettalarından parçalar, məktəbin xalq çalğı alətləri ansamblı tərəfindən "Arşın mal alan" operettasından müqəddimə səsləndirilib, səhnəciklər nümayiş olunub.
Nurəddin