20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. 2023-cü ilin 20 sentyabrında Azərbaycanın Qarabağ bölgəsində davakar erməni separatçılığının kökünün kəsilməsi və Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi münasibətilə təsis edilib.

20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi də (2001-ci ildən) qeyd olunur.

 

Tarixdəki olaylar

 

20 sentyabr 1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının Sərdarabad qalasını ələ keçiriblər. Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub. 1932-ci ildə Oktemberyan, 1992-ci ildə Armavir adlandırılıb.

 

20 sentyabr 1870 – Cüzeppe Haribaldinin rəhbərliyi ilə İtaliyanın birləşdirilməsi başa çatıb. Roma İtaliyanın paytaxtı elan edilib. Lakin Vatikan (Roma Papası) bununla razılaşmadı və 1929-cu ilədək onun İtaliya ilə münasibətləri açıq qaldı. Həmin il şəhərdə cəmi 44 hektar əraziyə malik Vatikanın dövlət statusu müəyyənləşdi.

 

20 sentyabr 1924 – İraqın şimalında Kərkük türklərinin yaşadığı və neftlə zəngin olan Mosul bölgəsi ilə bağlı məsələ Millətlər Liqasının müzakirəsinə verilib. İraq Britaniyanın protektoratlığında idi, Mosula isə Türkiyə iddia edirdi. Millətlər Liqası Britaniyanın istədiyi qərarı çıxardı və Mosul İraqın tərkibində (ingilislərin nəzarətində) qaldı.

 

20 sentyabr 1928 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq Teatrı yaradılıb. Teatrın rus bölməsi 1928-ci il noyabrın 6-da, Azərbaycan bölməsi 1930-cu il yanvarın 30-da ilk tamaşalarını təqdim edib. 1936-cı il iyulun 18-dən etibarən Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb.

 

20 sentyabr 1994 – Bakıda, “Gülüstan” sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt imzalanıb. “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı (16 avqust 2001-ci il) ilə 20 sentyabr “Neftçilər günü” kimi qeyd olunur.

 

20 sentyabr 2023 – Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçıları tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin bölgədəki qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bir gün öncə (19 sentyabr) başlanan antiterror əməliyyatı başa çatıb. Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi gün, Prezident İlham Əliyevin müvafiq (19 sentyabr 2024-cü il tarixli) sərəncamına əsasən, Dövlət Suverenliyi Günü kimi qeyd edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878 – 25.11.1968) anadan olub.

 

20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfqulu oğlu Nəcəfov (1918–1997) Bakıda doğulub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi olub.

 

20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də filmlər çəkib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.

Hazırladı: Vüqar Orxan