Sabirabad Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Diyardan diyara Üzeyir nəğməsi” adlı konsert proqramı təşkil edilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib.

Rəsmi hissədə çıxış edənlər Üzeyir Hacıbəylinin zəngin irsinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də yeni nəslə musiqi zövqü və vətənpərvərlik ruhu aşılayır, milli musiqimizin dünyada tanıdılmasına xidmət edir.

Konsert proqramında Mil-Muğan bölgəs musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri dahi bəstəkarın yaradıcılıq xəzinəsindən nümunələr ifa ediblər.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlanan konsertdə, “Leyli və Məcnun” operasından səhnələr, “Sevgili canan”, “Sənsiz” romansları, “Qaragöz” mahnısı, “Arşın mal alan” operettasından parçalar və muğam səsləndirilib.