Nə qədər ki dünyanı görən, duyan ürək var,

Ürəklərdə çağlayan bir ümmandır Üzeyir.

 

Üzeyir Hacıbəyli dahi bəstəkar idi, onun dünyası başdan-başa musiqidir...

Üzeyir Hacıbəyli öz sənətinin ustası, yenilikçi idi, Şərqin ilk operası onun adı ilə bağlıdır...

Üzeyir Hacıbəyli böyük pedaqoq idi, bu günümüzə qədər neçə musiqi nəsli onun məktəbini görmüşdür...

Üzeyir Hacıbəyli vətənpərvər idi. Azərbaycan Respublikasının Himninə möhtəşəm musiqi möhürünü vurmuşdu...

Nəhayət, Üzeyir Hacıbəyli o şəxsiyyət idi ki, adı hər zaman Azərbaycan mədəniyyətində bir fenomen olaraq qalacaq...

O təkcə milli musiqimizin deyil, həm də teatrımızın salnaməsində silinməz izlər qoymuş, teatr səhnəsini musiqi ilə yoğuraraq yeni bir düşüncə tərzini formalaşdırmışdır.

Üzeyir bəyin teatr sənətindəki rolu sadəcə bir bəstəkar olaraq yazdığı musiqi ilə ölçülmür. O, Azərbaycan səhnəsinə milli operanı, musiqili dramı gətirən, xalqın yaşamını səhnəyə daşıyan, eyni zamanda onu estetik bir forma ilə təqdim edən ilk sənətkar idi. “Leyli və Məcnun” operası ilə başlayan bu yol həm milli teatrın, həm də milli musiqinin inkişafında əsl inqilab idi.

Onun əsərlərində Şərq və Qərbin musiqi üslubları birləşir. Yaratdığı musiqili əsərlər – “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi operettalar – həm gülüş, həm düşüncə, həm də incə sosial tənqidlə zəngindir. Bu əsərlərdə Üzeyir bəyin teatr düşüncəsi aydın şəkildə hiss olunur: o sadəcə bir hadisəni təqdim etməklə kifayətlənmir, tamaşaçı ilə dialoq qurur, onu düşündürür, dəyişməyə təşviq edir.

Üzeyir Hacıbəyli fenomeni təkcə onun yazdığı əsərlərlə yox, həm də yaratdığı məktəblə yaşayır. O həm musiqidə, həm də teatrda milli ənənəni müasir forma ilə birləşdirərək, gələcək nəsillərə bir yol göstərdi. Teatr onun üçün təbliğat aləti deyil, xalqın aynası idi.

Üzeyir Hacıbəyliyə böyük uğur gətirən əsərlərdən biri onun 1913-cü ildə tamaşaya qoyulan “Arşın mal alan” operettasıdır. Həmin ildən sənət aləminə səs salan operetta bir çox dillərdə, böyük səhnələrdə nümayiş olunub, bir neçə dəfə ekranlaşdırılıb.

Lakin Üzeyir bəyin teatrda yaratdığı fenomeni yalnız onun yazdığı əsərlərlə ölçmək olmaz. Onun şəxsiyyəti özü də bir məktəb idi. Sadə, təvazökar, lakin möhtəşəm bir daxili aləmə sahib olan bu insan həyatını xalqına, millətinə və sənətə xidmətə həsr etmişdi. O deyirdi: “İnsan hər şeydən əvvəl vicdanla yaşamalıdır”. Bu fikirlər onun sənətə və sənətkara münasibətinin təməlini təşkil edirdi.

Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılığında danışırıqsa, bu yaradıcılığın arxasında onun böyük şəxsiyyəti, humanizmi durur.

Bəstəkar Süleyman Ələsgərov xatirələrinin birində belə yazır: “Üzeyir bəy son dərəcə xeyirxah bir insan idi. Əsl insanlıq nümunəsi idi. O yaxşılıq etməyi özünə borc bilirdi. Çünki həmişə deyirdi, insan gərək ancaq özünü düşünməsin... Yaxşı yadımdadır, qış ayı idi. Hava da çox soyuq idi. Mən dərsə pencəkdə gəlmişdim. Sinfə daxil olanda Üzeyir bəy mənə xüsusi nəzərlə süzüb dedi: “Cavan oğlan, sənə belə soyuq deyil?”. Mən heç bir söz demədim, gülümsünüb yerimdə əyləşdim. Daha sonra Üzeyir bəyin xahişi ilə onların evinə getdim, xanımın mənə verdiyi bağlamanı ona gətirdim. O bağlamanı açdı, paltonu çıxarıb mənə verdi ki bu sənindir. Buyur, dedi...”.

Üzeyir bəydən qalan belə xatirələr, insani dəyərlər çoxdur. Bəstəkar Məmməd Cavadov yazır ki, bizim bir tələbə dostumuz vardı, bir gün Üzeyir bəy onu diqqətlə süzüb ayaqqabısına baxdı, daha sonra otağına çağırıb, öz ayaqqabısını çıxarıb ona vermişdi. (S.Təhmirazqızı. Üzeyir Hacıbəyli müasirlərinin düşüncəsində. Bakı. 2016. cild I. s. 30).

Üzeyir Hacıbəyli həm də böyük bir pedaqoq idi. Onun yetişdirdiyi bəstəkarlar Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olmuşdur.

“Üzeyir Hacıbəyli XX əsrin böyük pedaqoqu, maarifçisi, ictimai xadimdir. Biz hamımız bu məktəbin təməli üzərində ərsəyə gəlmişik və bizdən sonra gələnlər də, bu böyük bəstəkarın ənənələrini yaşadan nəsillər də fəxrlə “biz Üzeyir bəyin məktəbinin yetirmələriyik” deyəcəklər. (S.Təhmirazqızı. Üzeyir Hacıbəyli müasirlərinin düşüncəsində. Bakı. 2016. cild I. s. 87)

1995-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 ilik yubileyi münasibətilə onun doğum günü – 18 sentyabr “Milli Musiqi Günü” elan olunub. Hər il bu gün böyük musiqi bayramı kimi qeyd edirik.

Bu il həm də dahi bəstəkarın 140 illiyi ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə  qeyd olunur.

Sənəti, yaratdıqları ilə ölməzlik qazanmış Üzeyir bəyin ömrü illərə, əsrlərə sığan deyil...

Mən əcəldən qorxmuram,

O nə edəcək mənə?!

Mən öləndən sonra da

Yaşayacağam yenə.

 

Valeh Ağayev

ADMİU-nun Teatr sənəti fakültəsinin 4-cü kurs (teatrşünas) tələbəsi