Daşkənd şəhərində yerləşən Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda müsəlman Şərqində ilk operanın müəllifi, görkəmli bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə təşkil edilib.

AMM-dən bildirilib ki, tədbiri institutun rektoru professor Eldor Şermanov açaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı müstəsna rolundan, onun zəngin yaradıcılıq irsi və ictimai fəaliyyətindən bəhs edib.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin müşavir-elçisi Fariz Məmmədov dahi sənətkarın dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu il Üzeyir Hacıbəylinin 140 illiyinin geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, 1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Üzeyir Hacıbəylinin anadan olduğu günü, sentyabrın 18-ni ölkəmizdə Milli Musiqi Günü elan edib. Bu da böyük bəstəkara olan hörmət və ehtiramın təcəssümüdür.

Heydər Əliyev adına AMM-nin direktoru Akif Marifli dahi bəstəkarın 140 illik yubileyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər keçirdiklərini və kitab təqdimatının da bu qəbildən olduğunu bildirib. O, “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilinə tərcüməsi və nəşrinin əhəmiyyətini qeyd edərək kitabın iki qardaş xalq arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə olacağını vurğulayıb.

Özbək Milli Musiqi Sənəti İnstitutunun professoru Soyibcan Begmatov Üzeyir Hacıbəylinin sözügedən əsərinin özbək dilinə tərcümə olunmuş variantının musiqişünaslar üçün, ələlxüsus da musiqi təhsili verən təşkilatlar üçün çox qiymətli bir dərs vəsaiti, mənbə olduğunu qeyd edib.

Özbəkistanın Əməkdar incəsənət xadimi professor Firuza Əbdüraximova Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Azərbaycan xalq musiqisinin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqat olduğunu bildirib.

Dosentlər Şahidə Berdixanova, Bəxtiyar Ahurov və digər tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış bu monumental irsin, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək ona ümumbəşəri dəyər qazandırdığını, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfə olduğunu vurğulayıblar.

Qeyd edək ki, kitabın özbək dilinə tərcüməsi Özbəkistan Dövlət Konservatoriyasının Orkestr dirijorluğu kafedrasının baş müəllimi Əbdüməcit Karabayev tərəfindən həyata keçirilib.

Tədbirin bədii hissəsində özbək və Azərbaycan mahnıları səsləndirilib.