Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya göz açdığı 18 sentyabr tarixi 1995-ci ildən ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Mədəniyyətimizi əbədi nurlandıran o dahi şəxsiyyətin – Üzeyir Hacıbəylinin bu il 140 illik yubileyidir. Prezident İlham Əliyev 3 fevral 2025-ci il tarixində böyük musiqi xadiminin yubileyi haqqında sərəncam imzalayıb.

Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta və balet janrının bünövrəsini yaratmağa nail olub. Gənc milli kadrlar hazırlamaq məqsədilə musiqi məktəblərinin, musiqi texnikumunun, Azərbaycan  Dövlət Konservatoriyasının yaradılmasında müstəsna xidmətlər göstərib. O, eyni zamanda bir neçə musiqi kollektivini – xalq çalğı alətləri notlu orkestri, dövlət xoru, simli kvartet, simfonik orkestr, mahnı və rəqs ansamblı, sazçı qızlar dəstəsini təşkil etmişdi. Ölkəmizdə yeni bəstəkarlar nəslinin formalaşması, sözsüz ki, Üzeyir bəyin adı ilə bağlıdır. Sonradan Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verən Qara Qarayev, Fikrət Əmirov, Asəf  Zeynallı, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov və digər görkəmli bəstəkarlar bu dahi şəxsiyyətin yetirmələridir.

 İdeya birliyi və xalqa sevgi

Üzeyir Hacıbəyli hələ sağlığında əfsanələşən şəxsiyyətləndəndir. Müasirləri onun uca insanlığını və Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini həmişə yüksək qiymətləndiriblər. Bəstəkarı yaxından tanıyan, onunla yaradıcılıq ünsiyyətində olan görkəmli şəxsiyyətlərin – elm və mədəniyyət xadimlərinin, eləcə də tələbələrinin xatirə və məqalələrini oxuduqca xalqımızın belə bir övladının olması ilə qürur duyursan...

Vokal sənətimizin zirvəsi sayılan Bülbül (1897-1961) Üzeyir bəylə tanışlığı barədə yazırdı: “Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev tanış etmişdir. “Əsli və Kərəm” operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış etdi. Günlər keçdi, Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. Üzeyir bəylə mənim dostluğumun səbəbi onun əsərlərini oxumağım və operalarında baş qəhrəman rolunu oynamağım deyildir. Bizim dostluğumuzun əsası ideya birliyidir, vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır”.

Sadə yaşamaq...

Görkəmli yazıçı Məmməd Səid Ordubadi (1872-1950) böyük sənətkar barəsində xatirələrində qeyd edirdi: “Üzeyir ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı: “Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq. Mən 20-ci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım. Bir az sonra mərhum C.Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə üz-üzə gəldim və tanış oldum. Bu görüş də yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: “Daha qorxmursan ki!...”  Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım”.

“Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm...”

Dahi bəstəkar Fikrət Əmirov (1922-1984) öz xatirələrində yazır: “Dahi bəstəkar mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı böyük müğənnimiz Bübül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: “Üzeyir bəy, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir”. Üzeyir məni özünəxas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun unudulmaz məsləhətlərini eşitmişəm".

“Onun səmimi tərifləri mənə böyük ruh verdi...”

Görkəmli opera müğənnisi Şövkət Məmmədova (1897-1981) Üzeyir bəylə ilk tanışlığını belə xatırlayırdı: “Onunla ilk görüşümü xatırlayarkən, Üzeyirin – öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm. Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur... Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Tale bizi bir daha görüşdürdü. Bakıdakı Qadınlar klubunda “Arşın mal alan”dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı".

“Tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi...”

Tələbələrindən bəstəkar Ağabacı Rzayeva (1912-1975) müəllimi haqqında bunları demişdi: “Mənə müharibə illərində Ü.Hacıbəylinin sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Ü.Hacıbəylinin çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O bizim nəinki yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir, bir narahatlıq hiss edən kimi hökmən soruşurdu. Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır”.

“Müəllimimə borcluyam...”

Bəstəkar Şəfiqə Axundova (1924-2013) Üzeyir bəyin onun taleyində oynadığı rolu belə ifadə edib: “Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam. 1939-cu ildə Üzeyir müəllimin yanına gələrkən məktəbli qız idim, heç bir musiqi təhsilim yox idi. Üzeyir müəllimin konservatoriyada açdığı hazırlıq kursunda oxumağa başladım. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi.

...1943-ci il. Maddi vəziyyətimiz ağırlaşdığından ailəyə kömək etmək üçün mən işə girməli idim. Bu barədə Üzeyir müəllimə müraciət etdim və o məni M.F.Axundzadə adına Opera və Balet Teatrına suflyorluğa işə düzəltdi. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökumət baxışında ilk dəfə mən oxumuşam. Azərbaycan himninin ilk ifaçısı  olduğum üçün özümü xoşbəxt hesab edirəm. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdirirdi. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsil insan, mərd adam idi. Onun xatirəsi qəlbimizdə silinməzdir”.

“Təhsilimlə tez-tez maraqlanır, dəyərli məsləhətlər verirdi...”

Milli Ensiklopediyanın texniki redaktoru olmuş Səlim Əhmədov: “Babamgilin mülklərində yaşayan Üzeyir bəyin böyük bacısının nəvəsi Kamal Paşayevlə yaxın dost idik. Üzeyir bəylə tanışlığım da bu dostluq nəticəsində yaranmışdı. Kamalla tez-tez onların evinə gedər, Üzeyir bəyin maraqlı söhbətlərinə qulaq asar, hətta onunla “ Leyli və Məcnun” un, “Koroğlu” nun məşqlərinə də gedərdik. Üzeyir bəy təhsilimlə tez-tez maraqlanır, dəyərli məsləhətlər verirdi. Məni hər görəndə təhsilimi davam etdirməyi söyləyirdi. Heç yadımdan çıxmaz Üzeyir bəyin dəfn mərasimi günü Elmlər Akademiyasının əsas binası qarşısındakı insan selinin qarşısını almaq mümkün deyildi. Bütün Üzeyirsevərlər bu ölməz sənətkarı son mənzilə yola salırdı. Bülbülün yanıqlı səslə oxuduğu “Sənsiz” romansı isə o gündən Üzeyiri zəngin irsi, əvəzsiz sənət abidələri ilə birgə ölməzliyə qovuşdurdu...".

 

Bəyim Dadaşova

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi