Tarixdəki olaylar

 

17 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Cümhuriyyət hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

 

17 sentyabr 1939 – Sovet qoşunları Polşa sərhədini keçərək Qərbi Belarus və Qərbi Ukrayna torpaqları hesab edilən ərazilərin SSRİ-yə birləşdirilməsi üçün əməliyyata başlayıb. Bu barədə razılıq həmin il avqustun 23-də SSRİ ilə Almaniya arasında imzalanmış sazişdə (“Molotov-Ribbentrop paktı”) əldə olunmuşdu. SSRİ Polşanın şərqini, Almaniya isə qalan hissəsini işğal etdi.

 

17 sentyabr 1978 – Vaşinqtonda ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Misir-İsrail danışıqları sülh sazişi ilə yekunlaşıb. Prezident Ənvər Sədat və Baş nazir Menahem Beqinin imzaladığı sazişə əsasən, İsrail 1973-cü ildə işğal etdiyi Sinay yarımadasını azad edib. Fələstin məsələsi kənarda qaldığı üçün ərəb dövlətləri Misirin addımını satqınlıq kimi qiymətləndirdilər. 1981-ci ildə Ə.Sədat terror aktı nəticəsində öldürüldü.

 

17 sentyabr 2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908 – 9.6.1973) anadan olub.

 

17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.

 

17 sentyabr 1939 – Tanınmış rus aktyoru və rejissoru, Rusiyanın Xalq artisti Vladimir Valentinoviç Menşov (1939 – 5.7.2021) Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır” (“Oskar” mükafatı, 1981), “Məhəbbət və göyərçinlər” (hər ikisində rejissor və aktyor) və s.

 

17 sentyabr 1946 – Xalq artisti, müğənni Səməd Səmədov (1946 – 24.7.2021) anadan olub.

 

17 sentyabr 1950 – Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Gülbala qızı Əliyeva (1950 – 25.5.2023) Bakıda anadan olub.

 

17 sentyabr 1956 – Rəssam, heykəltaraş Müslüm Ömər oğlu Eldarov (1956–2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

 

17 sentyabr 2004 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (24.3.1927 – 2004) vəfat edib. Lənkəran Dram Teatrının bədii rəhbəri və direktoru olub.

 

17 sentyabr 2014 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (15.3.1949 – 2014) vəfat edib. Müdafiə Nazirliyi Nümunəvi Hərbi Orkestrinin solisti olub.

Hazırladı: Vüqar Orxan