Pekin şəhərinin ən mötəbər konsert salonlarından olan Milli İfaçılıq Mərkəzinin böyük zalında azərbaycanlı musiqiçilərin Çin Milli Balet Teatrının böyük simfonik orkestri ilə uğurlu konserti keçirilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə tamaşaçılara rəngarəng konsert proqramı təqdim edilib.

“Azərbaycandan xoş arzularla” devizi altında keçən konsertdə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli və Fikrət Əmirovun müxtəlif janrda əsərləri ilə bərabər, istedadlı bəstəkar və pianoçu Tamilla Əhədovanın müəllifi olduğu “Fortepiano və orkestr üçün konsert”in Çində premyerası da gerçəkləşib.

Böyük marağa səbəb olan ifadan sonra Tamilla Əhədova xüsusi olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr etdiyi kompozisiyanı çinli tamaşaçılar üçün ifa edib.

Sürəkli alqışlarla qarşılanan konsertin birinci bölümünün davamında dirijor Əyyub Quliyev və Çin Milli Simfonik Orkestrinin təqdimatında O. Respiqi, D. Şostakoviç və P. Çaykovskinin simfonik əsərləri ayaqüstü alqışlarla qarşılanıb.

Dinləyicilərin istəklərini nəzərə alaraq azərbaycanlı dirijor və yerli musiqiçilər əlavə olaraq Çində xüsusi olaraq sevilən “Wanquang River” kompozisiyasını təqdim ediblər.

Gecədə Azərbaycanın ÇXR-dəki səfiri Bünyad Hüseynov, Çin Milli İfaçılıq Mərkəzinin prezidenti Veng Ning, Çinin Xarici İşlər və Kommersiya nazirliklərinin rəhbər şəxsləri, yerli mədəniyyət xadimləri iştirak ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda Pekində yeni opera teatrının açılışı dirijor Əyyub Quliyevin Çin Milli Baleti ilə bərabər təqdim etdiyi Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası ilə yadda qalıb.