Hər il Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü müxtəlif tədbirlərlə qeyd edilir. Muzey bu il də ənənəyə sadiq qalaraq “Əbədi melodiyalar: Üzeyir Hacıbəyli-140” adlı tədbir təşkil edib.

Muzeydən bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin unudulmaz əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Proqramda məktəbin xor kollektivi və kamera orkestrinin ifasında bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, “Arşın mal alan” operettasından “Müqəddimə”, simli kvintet və qanunçular ansamblının ifasında “Arazbari”, “Cəngi” və s. əsərlər səsləndirilib.

Qonaqlardan musiqişünas Leyla Həsənova bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Ü.Hacıbəylinin çıxış etdiyi lent yazısı təqdim olunub.

Muzeyin rəhbərliyi tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə, xor və instrumental heyətlərə, müəllim kollektivinə təşəkkürnamələr təqdim edilib.