1-7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunub.

Sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Kitab bayramında Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc müəlliflərlə yanaşı, Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrdən görkəmli yazarlar, elm adamları da iştirak edəcək.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgidə iştirakla bağlı sənədlər sentyabrın 25-dək Təşkilat komitəsinə təqdim edilməlidir.
 
Sərginin iş vaxtı: 10:00-dan 20:00.

Sərgiyə giriş ödənişsizdir.