Xəbər verdiyimiz kimi, 9–14 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsi çərçivəsində keçirilən “Nomad Puppet" I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycan kuklaçıları da iştirak ediblər. 

Azərbaycan Dövlət Kukla Teatrı festivalda ölkəmizi layiqincə təmsil edib.

Teatrdan verilən məlumata görə, TÜRKSOY və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türkdilli ölkələri bir araya gətirən sənət bayramında təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar.

Bundan başqa, teatr festivalda yüksək səviyyədə iştiraka görə TÜRKSOY-un baş katibi Sultan Raev adından kollektivə təşəkkürnamə də təqdim edilib.

Yaradıcı heyət üzvlərimiz qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy-kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdiriblər.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

Festivala qatılan teatrlar arasında əməkdaşlığın möhkəmləndirilməsi, kukla sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması məqsədilə birgə memorandum da imzalanıb.

Kukla teatr sənətində müasir tendensiyaların təşviq olunması, tamaşaların səhnə təqdimatları vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun artırılması və effektiv istifadəsi kimi məqamları önə çıxaran sənəd sonrakı əməkdaşlıq üçün uğurlu təməl hesab oluna bilər.