3-5 noyabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Tədbir Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları həmçinin Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1–9 noyabr tarixlərində keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri 1 oktyabr 2025-ci il tarixinədək https://culture.fillout.com/elchiler səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.